Çapa göndər
Filosof, siyasətçi, musiqiçi və baş kəşfiyyatçı - İbrahim Kalın kimdir?

28 iyun 2023 - 22:56

Filosof, siyasətçi, musiqiçi və baş kəşfiyyatçı - İbrahim Kalın kimdir

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə İbrahim Kalın Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri təyin edilib.

 

CAN VƏTƏN oxucuların marağını nəzərə alaraq onun tərcümeyi-halını təqdim edir.

Kalın 15 sentyabr 1971-ci ildə İstanbul şəhərində anadan olub. 1992-ci ildə İstanbul Universitetinin Tarix fakültəsində bakalavr təhsilini tamamlayıb, Malayziya və ABŞ-da təhsilini davam etdirib. 1996-cı ildə ABŞ-ın Corc Vaşinqton Universitetinə doktoranturaya daxil olub. Kalın Corctaun Universitetində və Bilkənd Universitetində İslam düşüncəsi və İslam-Qərb münasibətləri mövzusunda mühazirələr oxuyub.

Fəlsəfə, İslam düşüncəsi və İslam fəlsəfəsi üzrə akademik tədqiqatlar aparan İbrahim Kalın “Molla Sədranın Bilik Nəzəriyyəsi və Anti-Subyektivist Epistemologiyanın Mümkünlüyü” mövzusunda dissertasiyanı müdafiə edib.

Yapon tədqiqatçısı Toşihiko İzutsunun “İslamda varlıq düşüncəsi” kitabı və Mulay Əl-Ərəbi Ed-Darkavinin "Mürşidin məktubları" kitablarını türkcəyə tərcümə edib.

2005-2009-cu illərdə Siyasi İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (SETA) qurucu sədri olub. 2011-ci ildə Əhməd Yəsəvi Universitetinin Qəyyumlar Şurasına təyin edilib.

Kalının “İslam və Qərb” kitabı 2007-ci ildə işıq üzü görüb. Bu əsəri ilə Türkiyə Yazarlar Birliyi Fikir Mükafatını qazanıb. Makmillan Fəlsəfə Ensiklopediyası, Din Ensiklopediyası və Oksford İslam lüğəti kimi ensiklopedik əsərlərə töhfə verib. Onun 2014-2016-cı illərdə “Ağıl və fəzilət”, 2015-ci ildə “Varlıq və dərketmə”, “Mən, başqası və ondan kənar: İslam-Qərb münasibətləri tarixinə giriş” adlı əsərləri nəşr olunub.

İbrahim Kalın 2009-cu ildə baş nazirin xarici siyasətdən məsul baş müşaviri vəzifəsinə təyin edilib. 2012-ci ildə Baş nazir müşavirinin müavini vəzifəsini icra edib. Rəcəb Tayyib Ərdoğan prezident olduqdan sonra Prezident Administrasiyasının baş katibinin müavini vəzifəsinə təyinat alıb.

O, 11 dekabr 2014-cü ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezidentin sözçüsü təyin edilib və həmin dövrdən bu vəzifədə çalışıb.

İbrahim Kralın, həmçinin bəzi simli musiqi alətlərində ifa edə bilir və bir neçə mahnının müəllifidir.