Çapa göndər
Priqojinlə bağlı qərar verildi - Belarusa köçəcək 

24 iyun 2023 - 23:54

Priqojinlə bağlı qərar verildi - Belarusa köçəcək 

"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinə qarşı açılan cinayət işinə xitam veriləcək.

CAN VƏTƏN xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O qeyd edib ki, Priqojin Belarusa köçəcək. Peskov əmin edib ki, hakimiyyət üsyanda iştirak edən "Vaqner" döyüşçülərini təqib etməyəcək.

"Biz bu vəziyyəti daha çox itki vermədən, gərginliyi artırmadan həll edə bildik. Nəticədə "Vaqner"in düşərgələrinə qayıtması ilə bağlı razılıq əldə olunub”, - o deyib.

Peskovun sözlərinə görə, Priqojinlə danışıqlarda Müdafiə Nazirliyində kadr dəyişiklikləri müzakirə olunmayıb.

Kreml rəsmisi vurğulayıb ki, son hadisələrdə iştirak etməyən "Vaqner" döyüşçüləri Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.