Çapa göndər
KÖRPƏLƏRƏ - Gülağa Tənha:

12 iyun 2023 - 18:08

Gülağa Tənha:

KÖRPƏLƏRƏ


.
Üzündən nur yağır, gözündən sevinc,
Qayğı – sizdən uzaq, dərd – sizdən iraq.
Tanrımız dünyanın bakirə vaxtı
Mələyi yaradıb sizə baxaraq.


.
Yolçular – yorğundu, yollar – daş-kəsək,
Üşüyən yolçuya köz olursunuz.
Hər gülüş dünyanın cavanlığıdı,
Gələn sabahına göz olursunuz.
.
Ətri siz oldunuz gülün-çiçəyin,
Bulaq sizə baxıb durulaşıbdı.
Sizsiniz jaləsi göy biçənəyin,
Ləçəklər sevincdən aşıb-daşıbdı.


Min dörd yüz il keçdi…
Sonuncu hicrət
Sizin bu dünyaya gəlişinizdi.
Dünya möcüzədi başdan-ayağa,
Sonuncu möcüzə gülüşünüzdü…


Belə yaradıbdı dünyanı Tanrı,
Dili siz oldunuz, əşarı bizik.
İmanlı bir kəsin, haqq adamının
Kəbəsi sizsiniz, zəvvarı bizik.
.
Dağın o üzündə qalan ömrümün,
Aranına dönüm, dağına dönüm.
Ömrün yarısını qurban verərdim,
Bir dəfə körpəlik çağına dönüm!..
.
Dişimlə didərəm buludu, hətta
Qoymaram yoluna yağış, qar yağa.
Vətənə oğulam, oğluma – ata,
Sizin Tənhanızam, adım – Gülağa…