Çapa göndər
ÖZ YERİ VARDIR - Seyyid Süleyman

11 iyun 2023 - 13:07

Seyyid Süleyman:

 

ÖZ YERİ VARDIR

 

 

Əzəldən bu dünya yaranıb belə,
Sevincindən artıq kədəri vardır.
Xoşbəxtlik iynənin ucu boydadır,
Çəkisiölçülməz qəhəri vardır.
.
İstər padşah olsun, istərsə nökər,
İstər qorxaq olsun, istər cəngavər,
İstər alim olsun, istər gicbəsər,
Hər kəsin naməlum qədəri vardır.
.
Mənliyi qorumaq kişiyə addır,
Yoldaşlıq, sirdaşlıq namərdə yaddır.
«Dostluğun qayçısı şit zarafatdır,»
Deyib-gülməyin də təhəri vardır.
.
Əlil arzuların kor yolçusuyuq,
Zəlil xəyalların zor falçısıyıq,
Yetim ümidlərin sığalçısıyıq,
Deyirik:- Bu günün səhəri vardır.
.
Dünən gendən baxıb gülənlər deyir,
Bu gün işığına gələnlər deyir,
Sözün qiymətini bilənlər deyir,
-«Seyyid Süleymanın öz yeri vardır.» 


Mart 2023