Çapa göndər
İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (+FOTO=15)

05 iyun 2023 - 17:28

İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub


İyunun 5-də  AMEA-nın Əsas binasının önündəki parkın ərazisində ikinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının (II LitBookFest) açılışı olub.
Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir.
Açılış mərasimində öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra I Qarabağ müharibəsi qazilərinə həsr olunan “Əsgərnamə elegiyası” və II Qarabağ müharibəsi qazilərinə həsr olunan “İgidlərin sözü” layihələri təqdim edilib.
Ardınca havaya içərisində şeirlər olan rəngli şarlar buraxılıb.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar builki festivalın Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunduğunu bildirib. O, festivalın türk dünyasının sarsılmaz birliyinə, eyni mədəniyyətə, ədəbiyyata, tarixə malik olan türk dövlətlərinin əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Xalq yazıçısı Anar festivalın təşkilində müstəsna rol oynayan və tədbirə qatılan qardaş türk dövlətlərindən gələn qonaqlara təşəkkür edib.
Sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək festivalın türk dövlətlərinin dostluğunun, birliyinin daha bir parlaq nümunəsi olduğunu vurğulayıb. Komitə sədri builki festivalda daha çox Zəfər tarixi haqqında yazılan kitabların stendləri bəzədiyini və bunun çox qürurverici olduğunu bildirib.