17 sentyabr 2022 - 11:08
Masallı rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər ziyarət olunub. Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan ziyarətlərdə sözügedən yerli həmkarlar komitəsinin sədri Vəkil İsmailov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və tabe müəssisə rəhbərləri iştirak ediblər.
Ziyarət zamanı şəhidlərimizin həyat və döyüş şücaətlərindən, Vətən qarşısındakı misilsiz xidmətlərindən bəhs edilib, qəhrəmanlarımızın qəlblərdə əbədi yaşayacaqları vurğulanıb.
Sonra rayonun bir neçə kəndində Vətən müharibəsi qazilərinə baş çəkən mədəniyyət işçiləri qazilərlə görüşlərdə onların səhhəti və ehtiyacları ilə maraqlanıblar. Qazilər cəbhə xatirələrini qonaqlarla bölüşüblər.
Akif AĞAYEV.