Çapa göndər
Masallıda tələbələrlə görüş keçirilib Akif Ağayev, +FOTO=8

07 sentyabr 2022 - 23:04

Masallı rayonunda bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə əldə edən gənclərlə görüş keçirilib.

 

Heydər Əliyev Mərkəzində tələbələrlə görüş zamanı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tələbə adını qazanan gəncləri təbrik etib, onlara təhsildə və gələcək müstəqil həyatlarında uğurlar arzulayaraq, kamil mütəxəssis kimi yetişməyi, Vətənə ləyaqətlə, əsl vətəndaş kimi xidmət göstərməyi tövsiyə edib. Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açan rayon rəhbəri bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib: “Ümummilli Lider həmişə söyləyirdi ki, təhsil millətin gələcəyidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu ənənəyə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir...”

 

İcra başçısı qeyd edib ki, qazanılan uğurlar ali məktəblərə qəbulda yüksək bal toplayan Masalı tələbələrinin sayının artmasında göstərir.

 

Qeyd edək ki, 2021-2022-ci tədris ilində məktəbi bitirənlərin sayı 1629 nəfər olub. Onlardan 616 nəfəri ali məktəblərə qəbul imtahanında iştirak edib ki, bunlardan 344-ü oğlan, 272-si qızdır. 19 şagird ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı, 77 şagird isə 500-600 bal arası nəticə göstərib.

 

Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rəhim Rəhimov, Sığıncaq kənd Məhəmməd Qarayev adına tam orta məktəbin X sinif şagirdi, coğrafiya fənni üzrə üçqat Olimpiada qalibi Rövnəq Cəfərov və başqaları çıxış edərək tələbə adını qazanan, bu sevinci yaşayan hər kəsi və valideynləri, müəllimləri təbrik ediblər.

 

Tələbə adını qazanan — Türkoba kənd Səməd Vurğun adına tam orta məktəbin məzunu Elnar Babayev (663,6 bal), Həsənli kənd tam orta məktəbin məzunu Nurtac Məmmədzadə (660 bal ), Sığdaş kənd tam orta məktəbin məzunu Gülsabah Əbilova (618 bal) və başqaları çıxış edərək müasir təhsilin nailiyyətlərinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildiriblər.

 

Görüşdə təhsildə fərqlənmiş, qəbul imtahanlarında 600 baldan yüxarı nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş məzunlar mükafatlandırılıb.

 

Tədbirin yekununda 500 və ondan yuxarı bal toplayan tələbələrə Masallı Rayon İcra Hakimiyyəti Başçısının, Milli Məclis deputatlarının, ATİAHİ Masallı rayon komitəsinin hədiyyələri təqdim olunub.

 

Akif AĞAYEV.