Çapa göndər
Masallının 12 yaşlı şahmatçısı Respublika Şahmat Olimpiadasında birinci dərəcə normasını ödəyib +FOTO=2

01 sentyabr 2022 - 22:58

Zaqatala Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasına yekun vurulub.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda respublikamızın 44 şəhər və rayonunu təmsil edən 502 şahmatçı mübarizə aparıb.

İsveçrə sistemi ilə keçirilən, 11 turdan ibarət yarış 10 gün (21-31 avqust) davam edib.

Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi, 12 yaşlı Sadıqzadə Miryusif Kənan oğlu Şahmat Olimpiadasında 11 oyundan (5 qələbə, 5 heç-heçə, 1 məğlubiyyət) 7,5 xal toplayarq birinci dərəcə normasını ödəyib.

Məlumat üçün bildirək ki, dəfələrlə rayon çempionu adını qazanan Miryusif bu ilin fevralında Ağcabədi şəhərində keçirilən respublika birinciliyinin bürünc medalına layiq görülüb.

 

Akif AĞAYEV,

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü