Çapa göndər
Masallıda Vətən Müharibəsi Qəhrəmanının xatirəsi anılıb Akif Ağayev +FOTO=11

16 avqust 2022 - 23:58

Yaşasaydı 32 yaşı tamam olacaqdı İntiqamın

 

 

Masallı rayonunun Viləş kəndində Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərlinin doğum günü qeyd olunub.

 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov və başqaları 44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusunun qazandığı Qələbədən, İntiqam kimi qəhrəman oğullarımızın yüksək vətənpərvərlik hissindən danışıblar.

 

İki şəhid - İntiqamın və Aprel döyüşlərinin qəhrəmanı Nurlanın anası Ziba xanım qəhrəman övladları ilə fəxr etdiyini, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq bildirib.

 

Mərasim iştirakçıları – rayon rəsmiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri Viləş kəndindən olan şəhidlərin, o cümlədən Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyaraq, ruhlarına dualar oxuyublar.

 

Anım mərasimi şəhid qardaşların böyüdüyü evdə davam etdirilib.

 

Qeyd edək ki, İntiqam Əsgərli 1990-cı il avqustun 16-da Masallı rayonunun Viləş kəndində anadan olub. O, 1997-2008-ci illərdə S.Hacıyev adına Viləş kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ildə Quru Qoşunlarının gizirlik kursunu bitirən İ.Əsgərli 2014-cü il Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi işə başlayıb.

 

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan İntiqam Əsgərli Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və noyabrın 9-da qəhrəmancasına şəhid olub. “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan İntiqam Əsgərliyə "Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib.

 

Masallı şəhərinin mərkəzi küçələrindən və orta məktəblərdən biri İntiqam Əsgərlinin adını daşıyır, şəhərdəki Qəhrəmanlar parkında büstü qoyulub.

 

İntiqam Əsgərli ailəli idi, iki övladı - Nur və İntiqam ondan yadigar qalıb...

 

Akif AĞAYEV,

MASALLI.