16 avqust 2022 - 16:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın etimadnaməsini qəbul edib.
Etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Ralf Horlemann dedi: Salam, cənab Prezident, sabahınız xeyir.
Prezident İlham Əliyev: Salaməleyküm, sabahınız xeyir.
Səfir Ralf Horlemann: Almaniyanın ölkənizdə növbəti səfiri olmaq mənim üçün böyük şərəfdir. Sizinlə və hökumətinizlə əlaqələrimizi daha da inkişaf etdirib genişləndirməyi səbirsizliklə gözləyirəm.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
Səfir Ralf Horlemann: Ölkənizdə böyük səmimiyyətlə qarşılandığıma görə Sizə çox minnətdaram. Bizim ölkələrimiz arasında çox geniş münasibətlər var və bizi qarşıda çoxlu iş və bir çox fürsət gözləyir.
Prezident İlham Əliyev: Bəli, haqlısınız. Bizim çox geniş gündəliyimiz var və əməkdaşlığın yaxşı tarixi var. Bildiyiniz kimi, alman şirkətləri Azərbaycanda çox geniş təmsil olunub və əminəm ki, onların fəaliyyəti daha da geniş olacaq. Bizim yüksək səviyyəli səfərlərimiz və çox yaxşı siyası əlaqələrimiz var. Əlbəttə, biz yeni fürsətlərin nədən ibarət olduğunu görməliyik. Çünki Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr region üçün və həmçinin ölkələrimiz üçün çox mühümdür.
Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Prezident İlham Əliyev bu əlaqələrin inkişafında Almaniyanın xüsusi rolunu qeyd edərək dedi: Biz Avropa İttifaqı-Azərbaycan ikitərəfli gündəliyinə verdiyiniz bütün dəstəyə görə minnətdarıq. Bu gündəlik getdikcə genişlənir və bir çox sahələri əhatə edir. Sizin xanım Ursula Fon der Lyayenin çox uğurlu səfərindən və bizim konstruktiv danışıqlarımızdan xəbəriniz var.
Prezident İlham Əliyev Avropa İttifaqı ilə əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən energetika, nəqliyyat və nəqliyyat dəhlizləri, ticarət, investisiya sahələrində geniş perspektivlərə malik olduğunu vurğuladı. Azərbaycan ilə Avropa Komissiyası arasında enerji dialoquna start verildiyini qeyd edən dövlətimizin başçısı bu dialoqun təkcə qaz deyil, neft, hidrogen, elektrik enerjisi sahələrini də əhatə etdiyini bildirərək dedi: Azərbaycan enerji bazarında yalnız ənənəvi olan neft və qaz ilə deyil, həmçinin gələcəkdə elektrik enerjisi, neft, hidrogen və neft-kimya məhsullarının idxalı ilə çox önəmli oyunçuya çevrilməkdədir. Biz mühüm nəqliyyat infrastrukturunu vaxtında tamamladıq.
Dövlətimizin başçısı səfirin əməkdaşlığımızın genişləndirilməsi işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi.
Səfir Ralf Horlemann: Tam səmimiyyətlə deyə bilərəm ki, mən bunu səbirsizliklə gözləyirəm. Çünki bu, bizim daha da inkişaf etdirə biləcəyimiz müsbət gündəlikdir. Siz doğru qeyd etdiniz ki, Almaniya və Azərbaycan geniş və çoxtərəfli münasibətə, konstruktiv siyasi dialoqa, güclü iqtisadi münasibətlərə malikdir. Azərbaycan Almaniyanın regionda ən mühüm iqtisadi tərəfdaşıdır. Biz enerji və bərpaolunan enerji sahələrində böyük potensial görürük.
Söhbət zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə böyük miqyaslı mina problemi ilə üzləşməsi, Birinci Qarabağ müharibəsindən etibarən 4 min azərbaycanlının itkin düşmüş şəxs hesab edilməsi, həmçinin Azərbaycanın təşəbbüskarı olduğu və Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasına xidmət edən sülh gündəliyi məsələləri də müzakirə olundu.
Görüşdə işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri barədə də fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Argentina Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşinin etimadnaməsini qəbul edib.
Argentina Prezidenti Alberto Fernandesin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdıran səfir Marianxeles Belluşi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə söhbət etdi.
Prezident İlham Əliyev Alberto Fernandesin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını Argentina Prezidentinə çatdırmağı xahiş etdi.
Ölkələrimiz arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu bildirən dövlətimizin başçısı ticari və iqtisadi sahələrdə də əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd etdi və bunun üçün yaxşı potensialın mövcud olduğunu dedi.
Bakıda olmaqdan məmnunluğunu ifadə edən səfir paytaxtımızın gözəlliyinin ona dərin təəssürat hissi bağışladığını vurğuladı və ölkəmizdə çox böyük qonaqpərvərliyin şahidi olduğunu bildirdi.
Səfir Marianxeles Belluşi iqtisadi–ticari əlaqələrin genişlənməsi və bu baxımdan əməkdaşlığın səhiyyə, texnologiyalar, kənd təsərrüfatı və digər yeni sahələrinin müəyyənləşdirilməsinin vacibliyini qeyd etdi.
***
Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveç Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonun etimadnaməsini qəbul edib.
Etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Tobias Lorentzson dedi: Cənab Prezident, İsveç Kralı tərəfindən imzalanan, mənim Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edilməyim ilə bağlı etimadnaməni və sələfimin geri çağırılması haqqında məktubu Sizə təqdim etməkdən şərəf duyuram. Cənab Prezident, icazə verin, Əlahəzrət Kralın dostluq və dərin ehtirama dair zəmanətini Sizə yenidən çatdırım.
Prezident İlham Əliyev dedi: Xoş gəlmisiniz, cənab səfir və xanım. Sizi görməyimə çox şadam. Sizdən xahiş edirəm, mənim də salamlarımı Kral həzrətlərinə çatdırasınız. Sizə Azərbaycandakı fəaliyyətinizdə uğurlar arzu edirəm. Ümid edirəm ki, iş qrafikiniz sıx olacaq, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edəcək və bir çox yeni sahələri əhatə edəcək. Biz baxmalıyıq ki, hansı sahədə maksimum nəticə əldə etmək olar. Hesab edirəm ki, biz diqqətimizi əməkdaşlığımızın praktiki məsələlərinə yönəltməliyik - qarşılıqlı ticarətin səviyyəsini neçə artıraq, sərmayə qoyuluşu və müxtəlif layihələrin icrası.
Dövlətimizin başçısı daha çox İsveç şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə və ölkələrimiz arasında ticarət dövriyyəsinin artacağına ümidvar olduğunu bildirdi. Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunan Prezident İlham Əliyev bu əlaqələrin uğurla inkişaf etdiyini dedi, əməkdaşlığın son zamanlar yeni mərhələyə qalxaraq təkcə energetika sahəsini deyil, eləcə də nəqliyyat dəhlizləri, ticarət, investisiya və digər sahələri də əhatə etdiyini məmnunluqla bildirdi və bunun da öz növbəsində Azərbaycan-İsveç ikitərəfli münasibətlərinin inkişafı üçün yaxşı zəmin yaradacağını vurğuladı.
Azərbaycanda ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən səfir Tobias Lorentzson dedi: Mən ikitərəfli münasibətlərimizin gücləndirilməsinə töhfə vermək arzusundayam. Sizin də qeyd etdiyiniz kimi, buraya ticarət və sərmayə qoyuluşu daxildir və mən ümid edirəm ki, ölkələrimiz arasında daha sıx biznes təmaslarını təşviq edə biləcəyəm. Həmçinin buraya dayanıqlı biznes həlləri də daxildir. Eyni zamanda, ümid edirəm ki, insanlar arasında ünsiyyətin və ölkələrimiz arasında təmasların artırılmasına nail ola biləcəyəm. Bu, həm də Avropa İttifaqı-Azərbaycan əlaqələrinin də vacib aspektlərindəndir.
Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Həmçinin, Prezident İlham Əliyev İsveç Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzonun, Argentina Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşinin, Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın etimadnamələrini qəbul edib.