Çapa göndər
Gülağa Tənha: QOÇ KOROĞLUYA MƏKTUB

13 avqust 2022 - 19:04

 Gülağa Tənha:

QOÇ KOROĞLUYA MƏKTUB


Dedik ruhumuzda, canımızdasan,
Döyünən ürəkdə qanımızdasan,
Nə bilək, bəlkə də ruhumuzdasan,
Çal «Misri»ni, çək nərəni, qoç Koroğlu.


İgid qocalarmı, nə tez qocaldın?
Yağının bağrını yardın, bac aldın.
Eşit hayımızı, harada qaldın?
Çal «Misri»ni, çək nərəni, qoç Koroğlu.


Qardaşın, sirdaşın Qırat hardadı?
Varisin görünmür, bəlkə yoldadı?
Nəyi gözləyirsən, Vətən dardadı,
Çal «Misri»ni, çək nərəni, qoç Koroğlu.


Yurdumun başında duman çoxalıb,
Ağrısı içində qalan çoxalıb,
Dərdə bax, Həmzələr yaman çoxalıb,
Çal «Misri»ni, çək nərəni, qoç Koroğlu.


Bakı, 1994