Çapa göndər
Gülağa Tənha: NƏ MƏN SƏNDƏN, NƏ SƏN MƏNDƏN

12 avqust 2022 - 16:58

Qəm evində zar olalı,
Eşqə giriftar olalı,
Yarımadıq yar olalı,
Nə mən səndən, nə sən məndən…


Qasım bəy Zakir.


Bu sevgini danardıqmı,
Alışardıq, yanardıqmı,
Bir gün ayrı qalardıqmı,
Nə mən səndən, nə sən məndən.


Məhəbbəti an saymadıq,
Əğyarı yaxın qoymadıq,
Sevdik, sevildik, doymadıq,
Nə mən səndən, nə sən məndən.


Fürsət düşməz bir də ələ,
Yaşamağa vaxt var hələ,
Ayrılmarıq ölüm gələ
Nə mən səndən, nə sən məndən.


Küsüşdük, güc verdik aha,
Batmadıq suça, günaha,
Giley etmədik Allaha,
Nə mən səndən, nə sən məndən.


İspaniya, sentyabr, 1999