Çapa göndər
Gülağa Tənha: BU SEVGİ ÖMRÜMƏ QƏFİLDƏN GƏLDİ

28 iyul 2022 - 14:02

Gülağa Tənha:

 

BU SEVGİ ÖMRÜMƏ QƏFİLDƏN GƏLDİ

 

 

Bu sevgi ömrümə

qəfildən gəldi.

Nə sağına baxdı, 

nə də soluna,

Baxmadı keçilən

həyat yoluna.

 

 

Açıb ürəyimin 

qapılarını, 

özüylə gətirdi

tər baharını.

Onun gəlişiylə

dəyişdi dünyam.

Tamam başqa rəngə

boyandı həyat.

Bu sevgi

gözümə nurunu saçdı,

Bir də ürəyimə 

verdi qol-qanad…

 

 

Qayğıların məni

seçdiyi vaxtda,

Ömrümün yarıdan

keçdiyi vaxtda,

Kədərin sevinci

əzdiyi  vaxtda,

Qara buludların 

başımın üstündə

dolanıb-dolanıb

gəzdiyi vaxtda,

Bu sevgi ömrümə

qəfildən gəldi.

 

 

Nə sağına baxdı, 

nə də soluna,

Yoxsa gedəcəkdim

mən öz yolumla.

Dəyişdi aləmi

O, bircə anda.

Qoymadı bu ömrü

rahat yaşayım.

Dəyişdi dünyanı,

bu kainatı…

Mən belə bilməzdim

heç vaxt həyatı!

 

Moskva, 25.06.2004