12 iyul 2022 - 19:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçekin etimadnaməsini qəbul edib.
Milan Sedlaçek etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını dövlətimizin başçısına çatdırdı. Bildirdi ki, Çexiyanın dövlət başçısı ona Azərbaycanla əməkdaşlığın, xüsusilə iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı tapşırıqlar verib.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Çexiyanın dövlət başçısına çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında yüksək səviyyədə səfərlərin, o cümlədən nümayəndə heyətlərinin mütəmadi təmaslarının ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd edərək, iqtisadi əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı ticarətin həcminin artırılması üçün yaxşı potensialın olduğunu bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığa da toxundu.
Azərbaycan Prezidenti, eyni zamanda, sənaye, kənd təsərrüfatı, müasir texnologiyalar sahələrində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi, nəqliyyat infrastrukturu ilə bağlı məsələlərin önəmini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycandan keçərək Şərqdən Qərbə yükdaşımaların həcminin artmasını nəzərə alaraq bu sahədə də əməkdaşlıq baxımından imkanlar mövcuddur. Prezident İlham Əliyev, həmçinin biznes dairələri arasında əlaqələrin genişlənməsi və qarşılıqlı investisiya qoyuluşu imkanlarının araşdırılmasının da əhəmiyyətini vurğuladı.
Səfir ölkəsinin Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, digər layihələrə də toxundu, Çexiyanın Ələt Azad İqtisadi Zonasına və işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərinə böyük maraq göstərdiyini bildirdi.
Söhbət zamanı humanitar, elm, təhsil, turizm sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.