Çapa göndər
Gülağa Tənha: "GÖNDƏR AZƏRBAYCANI" , "HƏLƏ SƏN MƏNİ"

17 may 2022 - 15:58

GÖNDƏR AZƏRBAYCANI


Dostum zəng elədi soruşdu məndən:
–Söylə nə göndərim sənə Vətəndən?
Dedim ki, cənnətə dönsə bu məkan,
Kiminə ocaqdı, mənə qürbətdi.
Vətəndən uzaqda məni yaşadan
Yurda məhəbbətdi.
İstərəm elimin Günəşini mən,
İsitsin hər zaman mərd ürəyimi.
İstərəm dağların saf havasını,
Yuyum, təmizləyim min diləyimi.
Göndər obamızın şah palıdını,
Göylərə baş çəkən xan çinarını –
Bu qürbət diyarda dayağım olsun.
Göndər aşıqların telli sazını –
Evimə xoş səsi, sədası dolsun...


Saydıqca qurtarmaz istəyim, kamım,
Ana Vətənimin bənzəri hanı?
Ey dostum, göndərə bilirsən əgər,
Göndər bu diyara Azərbaycanı!
Moskva, 28.12.1989

 

***

 

HƏLƏ SƏN MƏNİ


Məzarım üstündə düşüncələr


Dərgaha aparan uzun yol verdin,
Sevinci az verdin, dərdi bol verdin,
Yağı çox, döyüşə iki qol verdin,
Öldürmə, Allahım, hələ sən məni.


Ağrıdan el-oba qapqara geyir,
Sevinc gendə qalıb, kin qəlbi yeyir,
Qarabağ dardadı, «Gəl qurtar!» – deyir,
Öldürmə, Allahım, hələ sən məni.


Şuşada nişanım, toyum qalıbdı,
İntiqam almağa soyum qalıbdı,
Bir qazi qəbrinə boyum qalıbdı,
Öldürmə, Allahım, hələ sən məni.


Bakı, 1994