11 may 2022 - 12:26
Tariximizə qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən otuz iki il ötür. Xalqımızın haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi həmin gün Azərbaycanda müdhiş cinayətə əl atdı.
Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı günlər, Bakının küçələri, sonralar Naxçıvan, Lənkəran, Salyan və digər bölgələr də daxil olmaqla, bütün ölkə yüzlərlə ölmüş və yaralanmış günahsız insanların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Bakıya və respublikamızın bir sıra rayonlarına sovet ordu hissələrinin qanunsuz yeridilməsi, qətliam törədilməsi, dinc əhalinin öldürülməsi totalitar sovet rejiminin mövcud olduğu dövr ərzində törətdiyi ən qanlı aktlardan biri, insanlığa qarşı yönəldilmiş cinayət idi. Həmin vaxt faciənin baş verməsində məsuliyyət daşıyan Azərbaycanın rəhbərliyində təmsil olunanlar qırğından sonra da susmağa üstünlük verdilər. Yalnız Heydər Əliyev heç bir təhlükədən çəkinməyərək sovet hakimiyyətinin bu əməlinə ilk olaraq etiraz səsini ucaltdı. 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Heydər Əiyev cəsarətli və tarixi bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bildirdi, faciənin baş verməsində SSRİ və respublika rəhbərlərinin məsuliyyət daşıdığını dünyaya çatdırdı.
Mən də, xaricdə yaşayan bir iş adamı kimi, Vətənimizə qarşı edilmiş bu faciə haqqında həqiqətləri Ulu Öndərin bu çıxışından sonra bildim. Bu hadisə milli haqqı uğrunda ayağa qalxan xalqımızı öz yolundan döndərmədi, əksinə, onu yumruq kimi birləşdirdi, daha sıx həmrəy etdi. Bu mənada tariximizə həm də milli qürur günü kimi həkk olunan 20 Yanvar hadisələri azadlığı uğrunda mübarizə aparan Azərbaycan xalqının məğrurluğunu, vətənpərvərliyini dünyaya, o cümlədən ovaxtkı SSRİ rəhbərliyinə aydın şəkildə çatdıra bildı. Həmin gün baş verənlər Azərbaycan adlı bir dövlətin varlığını bir daha dünyaya bəyan etməklə yanaşı, həm də sovet imperiyasının çöküşündə əsas amillərdən biri oldu.
44 günlük Vətən müharibəsindəki böyük Zəfərədək hər bir azərbaycanlı bu məkanı ziyarət edərkən şəhidlərimizin məzarı qarşısında başıaşağı dayanmaq məcburiyyətində qalırdı. Artıq 2 ildir Şəhidlər xiyabanında uyuyan qəhrəmanlarımızın ruhları da şaddır. Çünki qanları yerdə qalmayıb.Qisas qiyamətə qalmadı.