30 aprel 2022 - 19:58
"İyirmi üç il əvvəl ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələr yaradılmışdır. Ulu Öndər bu Fərmanı imzalamaqla növbəti dəfə böyük uzaqgörənlik göstərmişdir. Xüsusi Təyinatlı Qüvvələrin yaradılması İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdə də özünü sübut etdi".
Bunu Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində şəxsi heyət qarşısında çıxışı zamanı deyib.
"1999-cu ildə vəziyyət fərqli idi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün hələ də ümidlər tükənməmişdi. Ancaq buna baxmayaraq, Heydər Əliyevin qərarı əsasında Azərbaycan Silahlı Qüvvələrində xüsusi hərbi birləşmə yaradılmışdır və o gündən bu günə qədər xüsusi təyinatlılar böyük və şərəfli yol keçərək, Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək tarixi Zəfərimizin əldə olunmasında xüsusi rol oynamışlar.
Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin səbəbləri aydındır. O vaxt nizami ordu yox idi, ordu quruculuğu aparılmırdı, ölkə rəhbərliyində olan şəxslər isə öz vəzifə borcunu yerinə yetirə bilməmişdir. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi və 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Beləliklə, bizim torpaqlarımızın işğalı əfsuslar olsun ki, reallığa çevrilmişdir", - dövlət başçısı bildirib.