Çapa göndər
Pambıq tarlalarda qalıb, yığan yoxdur

22 oktyabr 2018 - 10:43

Neftin qiyməti bahalaşdığına görə pambığa maraq azalıb.

Pambıqla bağlı yazdığım statusların ardınca yeni məlumatlar daxil olur. Beyləqandan verilən məlumata görə, pambıq sahələrdə tökülüb, yerdə qalaraq, çürüyür və zay olur. Bunu 3 müxtəlif sahəni əks etdirən fotolardan və videodan görmək olar. Alış qiymətinin aşağı olmasına görə, yerli əhali pambıq yığmağa maraq göstərmir. Hazırda pambığın 1 kiloqramının alış qiyməti 15 qəpikdir. 

Salyandan təqdim olunan fotodan görünür ki, pambıq yığmazdan əvvəl onun yarpaqlarının tökülməsinə səbəb olan dərmanın sahələrə vurulmamasına səbəbindən tarla bu günədək yaşıl rəngdədir. Yeri gəlmişkən onu da qeyd edim ki, Salyan icra hakimiyyətində bələdiyyələrin və yerli icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda icra başçısı pambıq yığımına əhalinin marağının olmamasından gileylənib və təklif edib ki, yığıma səhiyyə və təhsil müəssisələrinin texniki işçiləri məcburi qaydada cəlb edilsin. Bu rayonda kombaynların çatışmazlığı da müzakirə mövzusu olub. 
 


Bir məlumatı da qeyd edim ki, əllə yığılan pambıq maşınla yığılandan daha təmiz olduğuna görə fermerlər pambığın maşınla toplanmasına çox da maraq göstərmirlər. Çünki, maşına toplanan pambığın çirklilik dərəcəsi yüksək olduğundan sortu MTK-lar tərəfindən aşağı yazılır və bunun da nəticəsində pambığın alış qiyməti də ucuzlaşır.