Çapa göndər
Gülağa Tənha - Tovuz döyüşləri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

17 mart 2022 - 10:20

 Azərbaycanlı şanlı zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan Tovuz  döyüşlərinin başlamasından bir il ötür. Azərbaycana qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti diversiyasının qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq onun çirkin niyyətinin qarşısını sərt şəkildə aldı.

 

Tovuz döyüşlərinin ən böyük önəmi həm də xalqımızın düşmənə qarşı Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına döyüşən ordumuza yüksək həmrəylik nümayiş etdirməsi idi. İyulun 14-dən 15-nə keçən on minlərlə gənc Bakıda yürüş edərək Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirdi. Növbəti günlərdən başlayaraq, minlərlə azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət etdi. Nazirlər Kabinetinin iyulun 15-də keçirilən iclasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” çağırışına səs verən minlərlə vətəndaşımız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında arzularını ifadə edib və müvafiq qaydada qeydiyyata alınıblar.

 

Ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları və şəhidlər, eləcə də Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş igidlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

 

Tovuz döyüşləri Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Vətən müharibəsinə gedən yolda ən mühüm mərhələlərdən biridir. Bu döyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi. Düşmənə sarsıdıcı zərbə vuran qəhrəman əsgər və zabitlərimiz şəhidlərimizin qanını yerdə qoymadı, xalqımıza sonsuz qürur və sevinc hissi yaşatdı.