Çapa göndər
Ukrayna Rusiya ərazisinin atəşə tutulmasında iştirakını təkzib edir

19 fevral 2022 - 20:32

Ukrayna Rusiya ərazisinə düşən mərmiləri atmayıb və bu hadisələrlə bağlı beynəlxalq araşdırmaya çağırır.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Twitter səhifəsində yazıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya tərəfi Rostov vilayətinin sərhəd bölgəsinə bir neçə mərminin düşdüyünü açıqlayıb.

"Biz Ukrayna mərmilərinin Rusiya ərazisinə düşməsi ilə bağlı bütün ittihamları qətiyyətlə təkzib edirik. Ukrayna heç vaxt belə atəş açmayıb. Biz Rusiya mətbuatının xəbər verdiyi insidentlərlə bağlı dərhal qərəzsiz beynəlxalq araşdırmaya çağırırıq", - Kuleba qeyd edib.

Xatırladaq ki, Rusiya mətbuatı gün ərzində Rostov vilayətinin sərhəd bölgəsinə üç mərminin düşdüyünü yazıb. Birinci insident Rusiya-Ukrayna sərhədindən bir kilometr aralığında baş verib, ikinci partlayış birincidən çox da uzaqda olmayıb. Üçüncüsü Mityakinski kənd qəsəbəsində qeydə alınıb.. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin hadisələrdən sonra cinayət işinin açılmasına göstəriş verib.

Mərmilərin Donbassda vəziyyətin gərginləşməsi fonunda atıldığı deyilir. ATƏT atəşkəs rejiminin pozulmasını qeydə alıb, "DXR" və "LXR" hakimiyyətləri əmin edirlər ki, bunlar Ukrayna ordusunun təxribatıdır. Rəsmi Kiyev isə Donbasda hücum əməliyyatı keçirmək planlarının olmadığını bəyan edib. Bunun fonunda "DXR" və "LXR" özünü elan etmiş respublikaların sakinlərinin təxliyəsinə başlayıb və ümumi hərbi səfərbərlik elan edib. Donbassdan qaçqınlar Rostov vilayətinin ərazisinə gəlir, bölgə "DXR" və "LXR"dən 900 minədək sakini qəbul etməyə hazırdır. Həmçinin Rusiyanın bir sıra digər regionları da qaçqınların bir qismini qəbul etməyə hazır olduqlarını bildirib.