11 fevral 2022 - 17:23
İsmayıllı rayonunda qətl hadisəsi baş verib.
Hadisə bu gün Basqal kənd tam orta məktəbində qeydə alınıb.
Məktəbin gözətçisi vəzifəsində çalışan kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu aralarında baş verən dava zamanı məktəbin texniki işçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayıb. Ağır bədən xəsarətləri alan Gülarə Qəhrəmanova çoxlu qan itirdiyi üçün hadisə yerində keçinib.
İnsidentin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Məlumata görə, Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var.
Qətli törədən Bəxtiyar Əhmədli hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.