Çapa göndər
Gülağa Tənha : Ana yadındamı...

11 fevral 2022 - 10:36

Gülağa Tənha :  Ana yadındamı...

ifa edir: Elməddin Məmmədov

 

ANA, YADINDAMI?


Ana həsrətilə döyünən qəlbim,
Anasız qocalır – anasız olur.
Anama yetməyir kədərim, qəmim,
Balası qürbətdə gül kimi solur.
Anacan, bu axır, son nəfəsdə mən,
Olub keçənləri salıram yada.
Bülbül tək ötürəm qəfəs içində,
Mənə dar görsənir geniş dünya da.
Gəlir göz önünə uşaqlıq çağı,
Döyüldüyüm günlər yadıma düşür.
Qoyun otardığım «Hənfə bulağı»,
Qarğışlar, söyüşlər yadıma düşür.
Ana, yadındamı, deyirdin mənə:
«Bala, görüm səni yarımayasan!»…
Sənin qarğışların çatıb yerinə,
Çatıb ki, anamsan, darılmayasan.
Ana, yadındamı, söyləyirdin sən,
«Bala, səni görüm cavan öləsən!»…
Ana, o balandır can verən həmən,
Sənin həsrətinlə ölürəm bil mən.
Olub-keçənləri qələmə alsam,
Bir insan ömrünü gərək mən yazam.
Əgər ki, ölməsəm, salamat qalsam,
Gərək həsrət ilə anamdan yazam.
Ay ana, südünü halal et mənə,
Atamdan halallıq almadım, nəsə.
Mən ondan xəlvəti hardasa yenə,
Səninçün almışam geyim, əlbəsə.
Əziyyət içində yaşayan anam,
Ağ gün görməmisən, üzün gülməyib.
Anacan, adına özüm qurbanam,
Darıxma, Gülağan hələ ölməyib.

Rostov – Don, hospital,

aprel 1981