Çapa göndər
"Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji" zonası üçün konseptual proqnoz hazırlanıb"

04 fevral 2022 - 20:13

"Bizim işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqramımız var. Energetika Nazirliyimiz aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji" zonası üçün konseptual proqnoz hazırlayıb".

Bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı bildirib.

"Biz artıq Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsini aparmışıq və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Yeri gəlmişkən, sizi məlumatlandırmaq istərdim ki, bizim neft-qaz sahəsində strateji tərəfdaşımız olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Biz artıq orada 200 meqavatdan çox gücə malik bərpaolunan enerji mənbəyinin tikintisi ilə bağlı BP ilə danışıqlar mərhələsindəyik", - Dövlət başçısı vurğulayıb.