02 fevral 2022 - 10:21
GÜLAĞA TƏNHA
GÖZLƏRİN QAL DEYİR
Bu necə ayrılıq, bu necə sevda,
Gözlərin «Qal!» – deyir,
dodaqların «Get!».
Baxışın bir açar, dilin bir qıfıl,
Əllərin «Aç!» – deyir,
dodaqların «Get!».
Ayrılıq – dönüşü olmayan uğur,
Tənhalıq – dağlarda qırılan cığır…
Gör neçə sevdalar kül oldu bir-bir,
Göz yaşın «Qal!» – deyir,
dodaqların «Get!».
Divardan düşsünmü rəsmlərimiz?
Yalandan danışsın bu dillərimiz?
Hanı unudulmaz gecələrimiz?–
Xoş günlər «Qal!» – deyir,
dodaqların «Get!».
Ömür damla-damla itər, silinməz,
Bir sevgi nəğməsi bitər, görünməz,
Ayrılıq nəğməsi ötər, bilinməz,
Gözlərin «Qal!» – deyir,
dodaqların «Get!»…
Bakı, 5 may, 2000
GÜLAĞA TƏNHA:
GÖZLƏRİN QAL DEYİR
ifa edir: Elməddin Məmmədov