25 yanvar 2022 - 10:41
Xeyriyyəçi – şair Gülağa Tənhanın “O, getmədi” şeirini təqdim edirik. Qiraətçi Azər Abdullayev şairin bir çox şeirlərini mütəmadi səsləndirmiş, müəllifin rəhbərliyi ilə keçirilən poeziya müsabiqələrində müxtəlif yerlər tutmuşdur. Təqdim olunan videoçarx Gülağa Tənhanın şəxsi görüntüləri üzərində hazırlanmışdır. Bu şeir on cidlik kitabın beş cildliyində yer alır və məhz bu kitabların təqdimatında adını çəkdiyimiz qiraətci haqqında bəhs etdiyimiz şeiri səsləndirmişdi. Poeziya sevərlərə “O getmədi” şeirini ərmağan edirik...
SƏN DƏ GETDİN, MƏN DƏ GETDİM…
Sevdiyimiz yaz nəğməsi oxunanda,
Ürəyimiz əzabları dərd etmədi.
Nəfəsimiz bir-birinə toxunanda
Zaman nədir, məkan nədir –
fərq etmədi.
Gəmilərtək qarşılaşdıq bir limanda,
Qoşalaşıb yelkən açdıq bir ümmanda,
Sən nə etdin? –
Sevgi qəlbə sığmayanda
Həsrət mənim ümidimi qərq etmədi?
Bir ümid ver ovunmayan qəmim üçün,
Şah pərdədə haray çəkən simim üçün.
Bir nəğmə var – sənin üçün, mənim üçün,
Nə yaxşı ki, onu yadlar eşitmədi.
Çiçək açdı, yarpaq tökdü sevgi bağı,
Yer süpürdü son baharın qaş-qabağı…
Ay insafsız, sinəmizdən sevgi dağı,
Sən də getdin, mən də getdim, o getmədi…
Gülağa Tənha. Sentyabr, 2003