Çapa göndər
"Heykəl hündürdə olsaydı, bəlkə bu kimi neqativ hal yaşanmazdı"- Heykəlin müəllifi

19 yanvar 2022 - 16:08

"Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə Hacı Zeynaləbdin Tağıyevin heykəlinin açılışında iştirak etmək gözəl hissdir".

Bunu modern.az-a Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyasının qarşısında quraşdırılan heykəlinin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov bildirib.

Xalq rəssamı Prezident İlham Əliyevin şəxsən heykəlin açılışına vaxt tapıb gəlməsini, xoş sözlərini bildirməsindən məmnun olduğunu ifadə edib. Buna görə ölkə rəhbərinə minnətdarlığını bildirib.

 

Sosial şəbəkələrədə heykəlin yerdə yerləşdirilməsilə bağlı müzakirələrə fikir bildirən X.Əhmədov deyib ki, o, yalnız heykələ cavabdehdir: “Orada memarlar da çalışırdı. Təkliflər var idi ki, heykəli postament üzərinə qoyaq. Dairəvi, düzbucaqlı, kvadrat olsun, yəni müxtəlif fikirlər və təkliflər var idi. Sonda qərara alındı ki, Tağıyev xalqın atası olduğuna görə, yerdə, xalqın içində olsun, onlarla təmasda olsun. Bu fikirlə heykəl bu cür qoyuldu. Heykəldi yerdən də qoyula bilər. Burada hansısa bir problem yoxdu”.

 

Ötən gün heykəldəki təsbehin sındırılması ilə bağlı açıqlama verən X.Əhmədov qeyd edib ki, heykəldən heç nə düşə bilməz: “O, dəmirdən, elə metaldan hazırlanıb ki, əsrlər boyu qala bilər. Hansısa vandal gəlib güc verib, heykəlin təsbehini sındırıb. Səhərə qədər yatmamışam orada olmuşam. Ustalarla birgə çalışmışam. Artıq heykəl tam hazır, ilk gündəki vəziyyətdədir. Heç bir problem yoxdur” (modern.az).

 

X.Əhmədov heykəlin tərkibində hansısa satış üçün gəlir gətirəcək materialın olmadığını söyləyib: “Tərkibində gəlir gətirəcək hansısa material yoxdur ki, qırıb aparıb satsınlar. Təsbeh heykəldə iki nöqtədə birləşib. Məsəl var, güc var, ağıl yoxdur. İndi kimsə güc verib sındırıb. Dünən axşam polislər, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı da orada idi. Qərara alındı ki, təhlükəsizlik kameraları vasitəsilə adamların axtarışına başlanılsın və artıq səhər saatlarında həmin şəxslər tapıldı.

 

Heykəldə yeganə zəiflik onda idi ki, təsbeh iki nöqtədə birləşib. Amma bu o demək deyil ki, kimsə onu qırmalıdır. Maşının güzgüsü də bir nöqtədə birləşir. Onu qırmağa nə var ki, əl vursan düşər. İndi kimsə onu qırmalıdır?”

 

Xalq rəssamı bildirib ki, heykəl hündürdə olsaydı, bəlkə bu kimi neqativ hal yaşanmazdı: “Avropada postamentsiz heykəl nümunələri çoxdur. Amma bu cür təqdimat özünü doğrultmasa, rəylər yaxşı olmasa, belə təkliflər çox gəlsə, ola bilər ki, heykəli postamentin üzərinə qaldıraq. Mən müəllif kimi heykəllə məşğul olmuşam. Gül əkmə, işıqlandırma və s. kimi işlər mənlik deyil. Bu da bir hadisədir. Bu hadisə bəlkə nəyəsə təkan verər, baxarlar. Bu məsələlər bir dəqiqə ilə həll olunmur. Yəqin ki, hansısa bir qərara gələrlər”.