Çapa göndər
Türkiyədə həbsdən qaçan erməni yazıçı ələ keçdi

02 yanvar 2022 - 16:48

Yunanıstanda “persona non-qrata” elan edilən erməni yazar Sevan Nişanyan həbs edilib.

Bu barədə Nişanyanın həyat yoldaşı İra Suru açıqlama verib.

“Yunanıstan Ermənistan vətəndaşı Sevan Nişanyanı Türkiyəyə deportasiya etmək qərarına gəlmək üzrədir”, - Suru bildirib.

O, Nişanyanın Yunanıstan vətəndaşı ilə evli olmasına baxmayaraq, dekabrın 29-da yaşadığı yerin yenilənməsi ilə bağlı müraciətinin rədd edildiyini deyib.

Sevan Nişanyan dekabrın 30-da polis bölməsində bir neçə saat dindirildikdən sonra həbs olunub.

Sabah Sirosda məhkəmə qarşısına çıxacaq erməni yazıçının barəsində ölkədən deportasiya qərarı veriləcək. Onun hansı ölkəyə deportasiya ediləcəyi hakimin qərarı ilə müəyyən olunacaq. Ehtimallardan biri onun vətəndaşı olduğu Türkiyəyə deportasiya ediləcəyi ilə bağlıdır.

Nişanyan 2017-ci ildə İzmirdə həbs olunub. Üç il həbsxanada olan Nişanyan 11.5 il müddətinə azadlıqdan məhrum edilməsinə baxmayaraq, həbsdən qaçmışdı.