Çapa göndər
Akademik Musiqili Teatrın kollektivi ölkə Prezidentinə təbrik məktubu ünvanlayıb

24 dekabr 2021 - 13:37

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi ölkə başçısı, Zati-aliləri cənab Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin 60 illik yubileyi münasibəti ilə ona təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Çox hörmətli, çox dəyərli və əziz Prezidentimiz!
Sizi yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirik, çətin, lakin şərəfli işinizdə Sizə müvəffəqiyyətlər, möhkəm cansağlığı arzulayırıq.
Siz Vətənə və xalqa olan sonsuz məhəbbətinizlə çoxşaxəli fəaliyyətinizi birləşdirib ölkəmizin inkişafı üçün var gücünüzlə, yorulmadan çalışırsınız. Gördüyünüz işlər, həyata keçirdiyiniz misilsiz layihələr, xalqımızın mənəvi dəyərlərinin qorunması sahəsində atdığınız inamlı addımlar, sənət adamlarına göstərdiyiniz qayğı bizim hər birimizin qəlbini fərəh və qürur hissi ilə doldurur. Sizin diqqət və qayğınızla yenidən həyata qayıdan, bu gün isə öz bənzərsiz görünüşü ilə Bakıya xüsusi gözəllik gətirən çox sevdiyiniz şöhrətli sənət ocağının – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təmir və bərpasında sonsuz əməyinizi heç zaman unutmuruq, teatr kollektivi olaraq demək olar ki, hər gün bunu xatırlayırıq.
44 günlük müharibə zamanı ordumuzun düşmən işğalından xilas etdiyi Vətən torpağının hər bir qarışı bizim ümidimizə ümid, inamımıza inam qatdı. Biz bu haqq yolunda daima Sizin yanınızda olduq. Hər an “Yaşa, var ol, cənab Ali Baş Komandan!” – dedik. Dualarımız sizinlə oldu. Biz indi daha çox inanırıq ki, xalqımızın mübarizə əzmini bundan sonra heç kəs qıra bilməz! Bu xalq qəhrəman sərkərdələr yetişdirib və biz əminik ki, Azərbaycanın yeni tarixində İlham Heydər oğlunun adı hər zaman xalqın xilaskarı kimi çəkiləcək!
Yaradıcı insanların ən böyük mükafatı onlara ünvanlanan alqışlardır. Biz də bu gün öz əzəməti, dəyanəti, cəsarəti ilə Vətəninin, Millətinin yanında olan, bizə arxa, dayaq, ürək, dirək olan, hər an Ordusunun zəfərini təmin edə bilən ölkə başçımızı - Ali Baş Komandanımızı ürəkdən alqışlayırıq! Var ol, yaşa, əziz İlham Heydər oğlu! 
Ulu Azərbaycanımızın rifahı, daha da inkişafı və çiçəklənməsi naminə Sizə bundan sonra da uğurlar diləyir, yubileyiniz, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə ünvanınıza gələn çoxminli təbriklərə qoşuluruq".
 
 Məktubu Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi adından teatrın direktoru, Azərbaycan Respublikasının və Naxçıvan MR-ın Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev imzalayıb.