24 oktyabr 2021 - 17:12
GT film studio bu dəfə sizə xeyriyyəçi-şair Gülağa Tənhanın şeirinə bəstələnmiş lirik mahnı və mahnıya uyğun şeir təqdim edir. “Mənə dönəmməzsən” şeirinə müraciət edən bəstəkar: İlhamə Adilqızı, ifaçı isə Ramal İsrafilovdur. Video link bölməsində təqdim etdiyimiz ikinci şeir “SƏN DƏ GETDİN, MƏN DƏ GETDİM…” adlanır. Qiraətçi Azər Abdullayev bu şeiri, müəllif Gülağa Tənhanın kitab təqdimatında səsləndirmişdir.
MƏNƏ DÖNƏMMƏZSƏN…
Qayıtma,
geriyə yollar bağlıdı,
Bir də bu ünvana gəlməyin – çətin.
Heç kimi qınama, öz günahındı,
Sonu vüsal olmur hər məhəbbətin.
Mənə dönmək üçün nə vaxtdan bəri,
Dərələr keçirsən, dağlar aşırsan.
Əllərin əlimə çatmır, ah çəkib
mənim xatirəmlə pıçıldaşırsan.
Soyuq baxışınla o vaxtdan bəri,
Sən mənim duyğuma qan uddurmusan.
Səni unutmazdım…
Yox, unutmazdım,
Sən özün özünü unutdurmusan.
Ayrıldıq…
Bu ağır həsrətə görə,
Səni yox, özümü əfv eləmişəm.
Canıma ruh kimi dolan sevgimi,
Qəlbimdə biryolluq dəfn eləmişəm.
Mənə dönəmməzsən…
Yollar bağlıdı,
Gözündə min həsrət bitirmisən sən.
Mənim ürəyimə dönmək haqqını
Ayrılıb gedəndən itirmisən sən!..
SƏN DƏ GETDİN, MƏN DƏ GETDİM…
Sevdiyimiz yaz nəğməsi oxunanda,
Ürəyimiz əzabları dərd etmədi.
Nəfəsimiz bir-birinə toxunanda
Zaman nədir, məkan nədir –
fərq etmədi.
Gəmilərtək qarşılaşdıq bir limanda,
Qoşalaşıb yelkən açdıq bir ümmanda,
Sən nə etdin? –
Sevgi qəlbə sığmayanda
Həsrət mənim ümidimi qərq etmədi?
Bir ümid ver ovunmayan qəmim üçün,
Şah pərdədə haray çəkən simim üçün.
Bir nəğmə var – sənin üçün, mənim üçün,
Nə yaxşı ki, onu yadlar eşitmədi.
Çiçək açdı, yarpaq tökdü sevgi bağı,
Yer süpürdü son baharın qaş-qabağı…
Ay insafsız, sinəmizdən sevgi dağı,
Sən də getdin, mən də getdim, o getmədi…
Gülağa Tənha