Çapa göndər
İrandan Xankəndiyə qanunsuz YÜKLƏR DAŞINIR

21 sentyabr 2021 - 13:10

"İran Ermənistandan ən qısa müddətdə Gorus bölgəsində son dövrlər Azərbaycan tərəfindən bağlanan yola alternativ olan yol çəkməsini gözləyir."

 

Bu sözləri İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri jurnalistlərə verdiyi açıqlamada deyib.

 

O, Gorus-Qafan yolunda Azərbaycan polisinin və gömrük işçilərinin "İrandan Ermənistana gedən" yük maşınlarını saxlayaraq "gömrük rüsumu kimi pul aldığını" deyərək, səfirliyin bu "problemi" ən qısa vaxtda həll etmək üçün səy göstərdiyini qeyd edib: "Ümid edirik ki, Ermənistan hökuməti Zəngəzurda alternatvi yolu tezliklə tikib istifadəyə verəcək. Söhbət Tatev yolundan gedir ki, o yol vasitəsilə iranlı sürücülər yükdaşımaları daha etibarlı və təhlükəsiz şəraitdə gerçəkləşdirəcəklər. Ümid edirəm ki, Ermənistan bu yolun tikintisində fəal çalışır"

 

Zühuri daha sonra iddia edib ki, 44 günlük İkinci Qarabağ savaşından sonra Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, "Ermənistanın Gorus yolunun Azərbaycan ərazisindən keçən iki hissəsi alternativ yol tikilənə qədər nəqliyyat vasitələrinin hərəkətinə açıq olmalı idi".

 

Hər zaman qatı anti-Azərbaycan, amma ermənipərəst mövqeyi ilə fərqlənən səfir Abbas Bədəxşan Zühuri Azərbaycan Cümhuriyyətinin qanuni olaraq İran yük maşınlarından gömrük rüsumu almasından şikayətlənib və "İnşallah bu problemin həll olunması" üçün səylər göstərildiyini deyib.

 

İranın Ermənistanla siyasi, ticari və s. əlaqələri Tehranla İrəvanın daxili işləridir, rəsmi Bakının da bu münasibətlərə hər hansı formada müdaxilə etmək niyyəti yoxdur. Azərbaycan sadəcə, İrandan Gorus-Qafan yolu ilə qanunsuz olaraq Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə, yəni Xankəndi başda olmaqla Qarabağda yerləşən bir neçə şəhərə tikinti malları və şübhəli yüklərin daşınmasının yolverilməz olduğunu bəyan edir.

 

Azərbaycan dəfələrlə İrana diplomatik nəzakətlə etiraz etsə də bunun faydası olmamışdı və nəhayət Tehrana bununla bağlı etiraz notası təqdim olunmuşdu.  Amma səfirin dedikləri bir daha sübut edir ki, İran hələ də Qarabağda qalan, müsəlman Azərbaycan xalqını qətliam edən erməni işğalçılarının tör-töküntülərinə yardım edərək onların ölkəmizə qarşı revanşist mövqelərinə üstüörtülü olsa da, dəstək verir.