Çapa göndər
Fransada peyvənddən imtina edən 3 minə yaxın tibbi heyət işdən kənarlaşdırılıb

17 sentyabr 2021 - 12:10

Fransada 3 minə yaxın həkim, tibb bacısı və digər tibb işçiləri koronavirus əleyhinə peyvənddən imtina etdikləri üçün müvəqqəti olaraq işdən kənarlaşdırılıblar.

Bu barədə BBC məlumat yayıb. Fransada qəbul olunan və artıq qüvvəyə minən qərara əsasən bütün tibbi personal, yanğınsöndürənlər və qocalar evlərində çalışanlar mütləq peyvənd olunmalıdır.

Fransanın həmrəylik və səhiyyə naziri Olivye Veran işdən çıxarılma hallarının müvəqqəti xarakter daşıdığını, həmin şəxslərin peyvənd olunduqdan sonra işə qayıdacaqlarını bildirib.

Peyvəndə görə tibb işçilərinin işdən çıxarılması bəzi şəhərlərdə etirazlara səbəb olub. Məsələn, Nitsa şəhərində xəstəxanalardan birinin peyvənd olunmamış 450 əməkdaşı nümayiş keçirib. Nümayişlər zamanı 3 polis əməkdaşı yaralanıb, 96 nümayişçi saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz, su şırnaqları və dəyənəklərdən istifadə edib. Montelimarda həkim çatışmazlığı səbəbindən cərrahiyyə əməliyyatları təxirə salınıb.

Bundan əlavə, COVID-19-a qarşı peyvənd tələbi onlarla tibb işçisini istefa verməyə sövq edib.