Çapa göndər
Gülağa Tənha Xalq şairinin AYB kitabçasını təqdim etməsi

26 dekabr 2020 - 14:36

Poetik işartı hər zaman seziləndir, görünəndir. Əsl şairin yaradıcılığında bu işartı bir qədər də aydın duyulur, görünür. Onun yaradıcılığını digərlərin-dən həm də poetik deyim tərzi fərqləndirir.
Gülağa Tənhanın şeirlərini bu ovqatla oxudum. Tanış mövzulara fərqli yanaşma, həm də poetik yanaşma diqqətimi çəkdi.
Bütün zamanlarda şairlər Vətən mövzusuna məsuliyyətlə, sevgilərlə müraciət edib. Onlardan yadda qalanı da var, tarixləşəni, yaddaşlarda yaşayanı da, unudulanı da. Qətiyyətlə deyə bilərəm ki, Gülağa Tənhanın yaradıcılığı diqqətdən kənarda qalası yaradıcılıq deyil. «Qoymurlar səni sevməyə» şeiri dar düşüncəli, «qart ürəkli» (ifadə Gülağa Tənhanındır) vətəndaşlardan Vətənə gileydir. Həm də adi giley deyil, poetik gileydir.
Qoymurlar göyümü, yerimi sevim,
Sən mənim qibləmsən, qibləgahımsan,
Qoymurlar sən adda pirimi sevim,
Qoymurlar mən səni sən kimi sevim –
misraları şairin mənəvi dünyasının səyyarəsi kimi alına bilər. Belə olmasaydı, şair
Oğullar Vətənə oğul olmasa,
Vətən də itirər vətənliyini –
qənaətinə gələ bilməzdi. Bu iki misra bugünkü ağrı-acılarımızın düsturlaşmış ifadəsidir, yəqinindəyəm.
Gülağa Tənhanın Vətən sevgisi qışqırmır, deyir, pıçıldayır. Bu deyimlər, pıçıltılar səmimidir, inan-dırıcıdır. Buna görə də işığı görünəndir. «Bu kənd məni tanımadı» şeirində bənzərsiz bir təəssüf çırpınır. Bu təəssüfün yeganə yozumu el-obanın tim-salında Vətən sevgisidir:
Tale durubdu qəsdimə,
Dəyir ərköyün şəstimə,
İtlər atılır üstümə,
Bu kənd məni tanımadı.
Səmimi düşüncənin təzahürü həmişə səmimi misra, səmimi şeir olub. Bu baxımdan Gülağa Tənha səmimi şairdir. Səmimi şair olduğu üçün onun poetik təəssüfünü poetik inam tamamlayır. İnanır ki, şair üçün (həm də vətəndaş üçün!) Vətən cana ruh misallıdır. Gülağa qəriblikdən Vətənə qayıdışı şair üçün (həm də vətəndaş üçün!) belə mənalandırır:
…Sənsiz qərib ölkələrdə,
Bir qara daşmışam, Vətən.
Ruh cana qayıdan təki
Sənə qayıtmışam, Vətən!
Bu qayıdış bənzərsiz qayıdışdır. Qəribliyin sıxılcımlarından sıyrılıb çıxan şairin duyğularını Vətən sevgisi durulaşdırır, bu duruluğun özəlliyi
Heç bilmirəm ot basıbmı izimi,
Gur bulaqlar oxuyurmu sözümü.
Ocaq daşı saxlayırmı közümü,
Vəfasını yoxlamağa gəlmişəm –
misralarına tapınır. Misraların işığını «Beyrək kimi», «Hanı Qarabağ, hanı?», «Qaytar Vətən borcunu», «Göz dağımızdı» kimi şeirlərin işığı tamam-layır.
Sevgi bəşəri mövzudur, bəşəriyyətin cığırdaşıdır. Bu mövzuda yazılan şeir-lərin hamısı oxucu duyumunun süzgəcindən keçə bilməyib, çoxunun ömrü yazıldığı tarixdə tamamlanıb. Gülağa Tənhanın bu mövzuda yazdığı şeirlərin əksəriyyəti oxunaqlıdır, poetik çalarları ilə səciyyəvidir. Qənaətimi
…Deyəsən, ömürün baharı keçir,
Deyəsən, payızdı…
Durnalar köçür…
Sənsiz ötən aylar bezdirib məni,
Ayların qaraca əlindən alıb,
Gözəlim, ömrümü ömrünə köçür!..
və yaxud
…Bir anlıq qayıdaq ötən illərə,
Ömrümdən, günümdən itən illərə.
Qayıdaq xatirə cığırlarıyla;
Yoluna səpdiyim qızılgüllərin
Qızılı qanına boyanam yenə.
Bir vaxtlar gözündən həsrət dərdiyim,
İntizar üzdüyüm, möhnət dərdiyim
Həmin pəncərədən boylanam yenə…
kimi misralar təsdiqləyir.
Gülağa Tənhanın ictimai-siyasi mövzularda yazdığı şeirlərin əksəriyyəti poetik səviyyəsi ilə seçilir. Onun «Bir qoca boylanır…», «Qocalar evində bir ana gördüm», «Hardasan, Qorqud ata?» kimi şeirləri xatırlatma biçimində heysiyyət harayıdır. Bu haray eşidiləndir, duyulandır və deməli, poetik uğur hesab olunmalıdır.
Mövzu baxımından aktual olan, duyanın duyğularını tarıma çəkən «İki dilənçi» şeiri uğurlu poetik nümunədir. Bu şeir şairin qəlb ağrısının, milli-xəlqi heysiyyətinin ifadəsi kimi alınmalıdır. Şeirdəki poetik obrazın düşdüyü məhru-miyyətin səbəbləri, bu səbəblərin sintezi kölgədə qalır. Əslində, şeirin uğuru məhz bu amillə də səciyyələndirilməlidir; real-lıq, fakt verilir, görünən göstərilir, du-yulan təhlilə (poetik təhlilə) cəlb edil-mir:
– Nə vaxtdı
Canıma düşüb vərəm.
Sən – pul, mən gecə-gündüz
ömür-gün dilənirəm.
…Poetik obrazlarla düşünən şair Gülağa Tənhanın yaradıcılığı işıqlı yaradıcılıqdır. Onun şeirlərinin boyu çağdaş poeziyamızda aydınlığı ilə seçilir.  25 yanvar, 2004


Xalq şairi Bəxtiyar Vahabzadənin bu fikirləri xeyriyyəçi – şair Gülağa Tənhanın (Qənbərov) On cildlik kitabının I cildində yer alır. Təqdim etdiyimiz videoçarxdan məlum olur ki, onların ilk görüşü tarixə çevirilmiş, Gülağa Tənha yaradıcılığında dönüş və özünə inam möhkəmlənmişdir. Ətraflı video linkdə...


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons