Çapa göndər
Şagirdlər ümummilli lider Heydər Əliyevi anıb

11 dekabr 2020 - 15:32

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar onlayn tədbirlər təşkil olunub.


Anım tədbirlərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra şagirdlərə müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan dahi şəxsiyyət haqqında ətraflı məlumat verilib.


Məktəblilər ümummilli liderin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti, həmçinin elm və təhsil sahəsində əldə etdiyi böyük nailiyyətlər barədə məlumatlandırılıblar.


“Heydər Əliyev dühası”, "Şərəfli ömür yolu", "Mən fəxr edirəm ki, azərbaycanlıyam!", “Xalqa bağışlanan ömür”,  “Qəlblərdə yaşayan düha” və bu kimi digər mövzularda keçirilən onlayn tədbirlərdə şagirdlər ulu öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndiriblər. Bəzi istedadlı şagirdlər isə dahi şəxsiyyətə olan ehtiram və məhəbbətini çəkdikləri rəsmlərlə ifadə ediblər.


Çıxış edənlər ulu öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyini və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağını diqqətə çatdırıblar.