Çapa göndər
“Azərbaycan Respublikası müasir geosiyasi sistemdə” mövzusunda elmi seminar keçirilib

07 dekabr 2020 - 14:05

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Azərbaycan Respublikası müasir geosiyasi sistemdə” mövzusunda onlayn elmi seminar keçirilib.
 

Elmi seminarı giriş sözü ilə açan fakültə dekanı Zeynalabdin Həsənəliyev Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı parlaq qələbələr münasibətilə seminar iştirakçılarını təbrik edib, eyni zamanda seminarda qoyulan mövzunun aktuallğından danışıb.
 

Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti Səbinə Qaraşova Azərbaycan Respublikasının müasir geosiyasi sistemdəki rolu və əhəmiyyəti, beynəlxalq və regional siyasətdə tutduğu mövqe, həyata keçirilən sistemli siyasi strategiya haqqında məruzə ilə çıxış edib. Azərbaycanın regional geosiyasi maraqları çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, yaradılmış üçtərəfli formatda əməkdaşlığa da ciddi önəm verdiyini,  regionda Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə formatlarında geniş əməkdaşlıq platformaları yaradıldığını və Azərbaycanın bu platformaların işində aktiv iştirak etdiyini bildirib.
 

Məruzənin ikinci hissəsində dünyanın aparıcı dövlətlərinin geosiyasi maraqları prizmasından Azərbaycanın həyata keçirdiyi siyasət təhlil olunub. Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsinin ümumilikdə dünyanın böyük dövlətlərinin geosiyasi maraqlarında vacib yer tutduğu, ölkəmizin dünyanın geosiyasi sistemində mövqeyi daha da gücləndiyi bildirilib.
 

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynalabdin Həsənəliyevin moderatorluğu ilə keçən elmi seminarda mövzu ətrafında müzakirələr aparılıb.
 

“Microsoft Teams” platforması üzərində təşkil edilmiş elmi seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.