Çapa göndər
Nazilə Hüseynova “Həkim məsləhəti” rubrikasında “Yenidoğulmuşlara hansı peyvəndlər edilməlidir? sualını cavablandırıb

07 dekabr 2020 - 13:57

Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloqu Nazilə Hüseynova “Həkim məsləhəti” rubrikasında “Yenidoğulmuşlara hansı peyvəndlər edilməlidir? sualını cavablandırıb.
 

-    Nazilə həkim, yenidoğulmuşlara hansı peyvəndlər edilməlidir?
 

- İlk öncə qeyd edim ki, yenidoğulmuşların infeksiyalara qarşı ən böyük müdafiəsi ana südü və peyvəndlərdir. Yenidoğulmuşlar anadan aldıqları anticisimlərlə infeksion xəstəliklərdən qorunurlar. Lakin bu təsir qısamüddətli olur. Digər tərəfdən, yenidoğulmuşlar bəzi infeksion xəstəliklərə qarşı anadan keçən anticisimlərlə qoruna bilmirlər. Yenidoğulmuşlara peyvənd vurulmazsa və onlar xəstəliyin mikrobu ilə qarşılaşarsa, orqanizmləri xəstəliklərlə mübarizə aparacaq qədər güclü olmur. Peyvəndlər tapılmadan öncə, uşaqların çoxu infeksion xəstəliklər səbəbilə tələf olurdu. Eyni mikroorqanizmlər bu gün də var, ancaq yenidoğulmuşlar peyvəndlər sayəsində qorunmaqdadır. Qeyd edim ki, tətbiq edilən profilaktik peyvəndlər nəticəsində son illərdə yenidoğulmuşlarda infeksion xəstəliklərin  azalması müşahidə olunur.


Yenidoğulmuşlara su çiçəyi, Hepatit A, Hepatit B, meningit, məxmərək, qızılca, parotit, göy öskürək, pnevmokok pnevmoniyası, uşaq iflici, difteriya, tetanus, quduzluq, meninqokok, qrip xəstəliklərinə qrşı  peyvəndlər edilə bilər. Peyvəndlərin qoruyucu təsir göstərə bilməsi üçün uyğun yaşlarda və uyğun fasilələrlə olunması əsas şərtdir. Ona görə də uşaqlara xəstəliklərə tutulma riskinin ən yüksək olduğu dövrlərdən əvvəl peyvənd olunması lazımdır. Yenidoğulmuşların həkim tərəfindən ilk müayinəsindən sonra valideynlərə rutin peyvənd proqramı ilə bağlı lazımı məlumatlar verilir.