Çapa göndər
Gülağa Tənha Bu günün şeirləri...

06 dekabr 2020 - 12:21

Xeyriyyəçi – şair Gülağa Tənhanın on cildlik kitabının II cildində yer alan “Əsa” , “Neyləyək, görünür beləymiş qismət” və “Qısyma sevincimə, qıyma, Allahım” şeirlərini təqdim edirik. Eyni zamanda Şairin dəstəyi ilə keçirilən xeyriyyə tədbirində Xalq artisti Arif Babayevin ifasını da dinləyə bilərsiniz. Şeirlər xüsusi olaraq bugünlərdə yaşanan ovqata uyğun seçilmişdir. Bizim sevincimiz bir olduğu kimi mərd xalq olaraq, kədərimiz də birdir! “Şəhidlər ölməz!” -  deyir müqəddəs kitab...

 


ƏSA

Ağac doğulmuşdun…
Boy atmalıydın,
Kölgən bir elata bəs olmalıydı.
Ümid ünvanına dönə bilərdin;
Kölgəndə bir haray, səs olmalıydı.
Günəşin nurunu içib su kimi,
Göylərin köksünə boy atmalıydın.
Kölgənə tamsınan ağsaqqalları
Kölgəndə qəhərsiz yaşatmalıydın.
Göydən od yağanda kölgəliyində,
Nəfəs dərməliydi yorğun yolçular.
Səni uğuruna günün bu vaxtı
İnam bilməliydi yorğun yolçular.
Yazın yaz vaxtında başının üstə
Elə titrədilər, elə əsdilər,
Bəstə balta ilə, ay boyu bəstə,
Səni böyüməmiş fidan kəsdilər.
Kimsəyə çatmadı hayın, harayın,
Özünü itirdi dünya büsbütün.
Ömrünü kəsdilər,
bir ağsaqqalın
titrəyən əlinin əsası üçün!..
Moskva, 1999
 
NEYLƏYƏK, GÖRÜNÜR
BELƏYMİŞ QİSMƏT
 

Bilmirəm nə deyim, qaş da qaralır,
Aranı-bərəni kəsən dağlara?
Daha dözə bilmir, səbri daralır,
Yollardan-izlərdən küsən dağlara…
Aralı düşmüşük…
Bir vaxt, bir zaman
Dərdimin adını bilənimiydin.
Bunca dil açmazdı, gülməzdi güman,
Dərdimi-qəmimi bölənimiydin.
Belə qurulubdu dünyanın işi,
Biri ağlayarmış biri güləndə.
Kərəmin ömrünə daş ələnərmiş,
Keşişin ovsunu, sehri güləndə…
Moskva, 1998
 

QIYMA SEVİNCİMƏ,
QIYMA, ALLAHIM
 

Gecələr yuxuma köz ələnmədə –
Qıyma sevincimə, qıyma, Allahım!
Ömrüm aya-ilə çözələnmədə –
Qıyma sevincimə, qıyma, Allahım!
Həsrətin özü də candı, nəfəsdi,
Həsrətsiz bir ömür puçdu, əbəsdi.
Bağrıma basmışam, ölüncə bəsdi –
Qıyma sevincimə, qıyma, Allahım!
Sevinc yaşamışam qüssədən əzəl,
Odumu söndürmə ölümdən əzəl.
Nə var bu dünyada həsrətdən gözəl?–
Qıyma sevincimə, qıyma, Allahım!
Bakı, 30 aprel, 2006
 
 
#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons