Çapa göndər
Dövlət Miqrasiya Xidmətinin rəisi ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri arasında onlayn görüş keçirilib

05 dekabr 2020 - 13:36

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovla Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev arasında “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində onlayn görüş keçirilib.
 

Əvvəlcə Vüsal Hüseynov bildirib ki, Vətən müharibəsində Azərbaycan Ordusunun zəfər çalması xalqımızın şərəf salnaməsi olaraq tarixə qızıl hərflərlə həkk olundu. Allahdan şəhidlərimizə rəhmət diləyən Xidmət rəisi müqəddəs amal uğrunda şəhidlik zirvəsinə ucalan hərbiçilərimizin bu gün anım günü olduğunu, şəhidlərimizin xatirəsinin qəlbimizdə əbədi yaşayacağını diqqətə çatdırıb.
 

Xidmət rəisi Regional Təlim Mərkəzinin yaradılması üzrə “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsinin DMX ilə BMqT-nin Azərbaycandakı nümayəndəliyi arasında mövcud olan əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyini bildirib. Layihənin region daxilində və xaricində miqrasiya sahəsində təhsil və təlim imkanlarının gücləndirilməsi baxımından səmərəli bir platforma olacağını söyləyib və Azərbaycanda miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasında BMqT-nin dəstəyini yüksək qiymətləndirib.
 

Qeyd edib ki, DMX ilə BMqT-nin birgə səmərəli əməkdaşlığı çərçivəsində Azərbaycanda son illər ərzində miqrantların hüquqlarının qorunması, miqrasiya idarəçiliyinin təkmilləşdirilməsi və institusional bacarıqlarının artırılması sahəsində görülən işlər iki qurum arasında mövcud əməkdaşlığın ən yüksək səviyyədə olduğunu göstərir.
 

Görüşdən məmnunluğunu bildirən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev və təşkilat üzvləri şəhidlərimizin ruhuna ehtiramlarını ifadə ediblər. Daha sonra V. Gyorgiyev layihə ilə bağlı fikirlərini diqqətə çatdırıb. Bildirib ki, layihə iki qurum arasında əlaqələrin inkişafına və region ölkələri arasında miqrasiya sahəsində əməkdaşlığın genişlənməsində mühüm töhfə verəcəkdir.
 

Görüşdə layihə ətrafında və miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.