Çapa göndər
Sənaye məhəllələrinin nə vaxt fəaliyyətə başlayacağı tarix açıqlandı

15 oktyabr 2018 - 13:04

Sabirabad Sənaye Məhəlləsi 2019-cu ildə, Hacıqabul Sənaye Məhəlləsi 2018-ci ilin sonunadək fəaliyyətə başlayacaq.

Bİ.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib.

“Hazırda Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri tamamlanmaq üzrədir və bu ilin sonunadək başa çatdırılacaq. Sənaye Məhəlləsində ümumi dəyəri 44 milyon manat olan 7 layihənin icrası nəticəsində 870-dən çox yeni iş yeri yaradılması nəzərdə tutulur”, - Ş.Mustafayev rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.

Hacıqabul Sənaye Məhəlləsində ağır maşınqayırma, xüsusi vaqonqayırma və kompozit materialları, plastik su qabları və tara, avtomobil, tikinti materiallarının istehsalı, avadanlıqların istehsalı üzrə müəssisələr yaradılacaq. Nazir vurğulayıb ki, Sabirabad Sənaye Məhəlləsinin 2019-cu ildə sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulur.

 

"Sənaye Məhəlləsində yun tədarükü, tikinti materiallarının, orqanik gübrələrin, müxtəlif avadanlıqların əyləc sistemlərinin istehsalı, kənd təsərrüfatı məhsullarının və işlənmiş təkərlərin emalı sahələrində layihələr həyata keçiriləcək”, - Ş.Mustafayev qeyd edib.