30 noyabr 2020 - 14:31
İranın nüvə aliminə qarşı sui-qəsdin təfərrüatları
İranın nüvə alimi Möhsün Fəxrizadə uzaqdan idarə olunan silahla qətlə yetirilib.
Bu barədə Fars agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə alimin həyat yoldaşı ilə birlikdə Rostamkol şəhərindən (Mazandaran əyaləti) Tehran əyalətinin Absard şəhəri istiqamətinə gedərkən yolda baş verib.
M.Fəxrizadəni 3 təhlükəsizlik maşını müşayiət edib. Alim ortadakı zirehli maşında olub. Öndə gedən avtomobilə atəş açılarkən dayanmalı olub. Fəxrizadə avtomobilin mühərrikində problemi olduğunu zənn edərək maşından düşüb. Bu zaman, təxminən 150 metr məsafədə yerləşən “Nissan” markalı avtomobildən onlara tərəf atəş açılıb. Atəşin uzaqdan idarə olunan avtomat silahlardan açıldığı müəyyən edilib. Sonra “Nissan” partladılıb. Sui-qəsdin təşkilatçıları isə hadisə yerində olmayıb.
Agentliyin məlumatına görə, alim 4 güllə yarası alıb. Bir neçə güllə isə onun mühafizəçisinə dəyib.
“Nissan” avtomobilinin sahibinin oktyabrın 29-da İranı tərk etdiyi bildirilir (apa).