Çapa göndər
Azərbaycan Ali Pedaqoji İnstitutu.5 illik

20 noyabr 2020 - 11:53

Azərbaycanda pedaqoji və elmi-pedaqoji kadrhazırlığında müstəsna xidmətləri olan Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 illik yubileyini keçirməyə hazırlaşır. Silsilə yubiley tədbirlərinin sırasında universitetin bir əsrlik tarixinin sistemli şəkildə yenidən araşdırılması, tədqiq və təbliğ olunması xüsusi  yer tutur. Son vaxtlar bu sahədə ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə xeyli uğurlu layihələr icra olunmuşdur. Ali Pedaqoji İnstitutun rektorları ilə bağlı “Azərbaycan Dövlət Pedaqoji Universitetin rektorları” (2019), ilk məzunlarına aid “Ali Pedaqoji İnstitutun salnaməsi” (2020) və 5 illik  yubileyinə həsr olumuş “Azərbaycan Ali Pedaqoji İnstitutu. Beş illik ”(2020)  kitablarının nəşri bu qəbildəndir. Hər üç  nəşrin layihə rəhbəri və elmi məsləhətçisi professor Cəfər Cəfərov,  tərtibçi - müəllifi isə ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovdur.  

 
Bu günlərdə nəşr olunan “Azərbaycan Ali Pedaqoji İnstitutu. Beş illik”(2020)  kitabına professor Fərrux Rüstəmov  irihəcmi  (37 səhifə) “Ön söz” (“Ali Pedaqoji İnstitutun ilk yubileyi və ya 5 illik tarixin salnaməsi”) yazmış, Pedaqoji İnstitutun 5 illik tarixinin salnaməsini fakt və rəqəmlərin dili ilə zaman və məkan kontekstində təqdim etmişdir.  İnstitutun  5 illik yubeliyinə həsr olunmuş  həmin  materiallar 1926-cı ildə  Azərbaycam Dövlət Xalq Maarif Nəşriyyatı tərəfindən əski əlifba ilə nəşr olunmuşdur. İndiyə kimi bu  məxəzlərdən nəinki bakalavriatlar, magistrantlar, hətta bu sahədə tədqiqat  aparanlar səmərəli istifadə edə bilmirdilər.  


Məcmuənin “Ali Pedaqoji İnstitutu  tarixçəsi” adlı  ilk bölməsində Ali Pedaqoji İnstitutun direktoru Cəlil Məmmədzadənin “Beş yıl” adlı məqaləsində  institutun təşkili və inkişafının ilk beş ili ilə bağlı xeyli fakt və rəqəmlər təhlil olunur. Müəllif həmin  məqaləsini həm də redaktoru olduğu “Mədəniyyət və maarif” jurnalının 1926 -cı ilin 5-6 sayında da nəşr etdirmişdir.  


Məcmuənin “Tədris və tərbiyə işləri” bölməsində  Tarix-ədəbiyyat şöbəsinin dekanı İsmayıl Hikmətin “Tarix-ədəbiyyat şöbəsi”, Təbiyyat-aqronomiya şöbəsinin dekanı Səlimə Osmanzadənin “Təbiyyat- aqronomi şöbəsi”, Fizika-riyaziyyat şöbəsinin dekanı Məmməd Əfəndizadənin “Fizik-riyaziyyat şöbəsi”, Tarix-ictimaiyyat şöbəsinin dekanı Əziz Ubaydullinin “Tarix-ictimaiyyat şöbəsi”, Ali Pedaqoji Qadın İnstitunun direktoru Sara xanım Xuramoviçin “Azərbaycan Ünas Pedaqoji İnstitutu və onun gələcəyi”, Ali Pedaqoji İnstitutun  nəzdindəki Şaiq adına Pedaqoji texnikumunun müdiri Qafur Əfəndizadənin “Şaiq adına Pedaqoji Texnikum” məqalələri verilmişdir.


Məcmuənin “İdarə və təşkilat işləri” bölməsində Həbib bəy Mahmudbəylinin “İnstitutun təsərrüfatı barəsində”, Məhiəddin Həmzəzadənin “Ali Pedaqoji İnstitutun tələbə icraiyyə bürosu”, S.Ramazanovun “İnstitutun firqə özəyi”,  Rəhimə Səlimin “Ünas Pedaqoji İnstitutunda firqə həyatı”,  A.Əsgərzadənin “LKGİ özəyi”  məqalələri öz əksini tapıb.


1924-cü ildə nəşr edilən “Ali Pedaqoji İnstitutun salnaməsi”ndə olduğu kimi bu məcmuənin də son bölməsi  “Xatirələr və duyğular” adlanır.


Burada pedaqogika müəllim Xəlil Fikrətin “ Yeni müəllim arqadaşlarıma tövsiyələr”, Bəkir Çobanzadənin “Lisaniyyat- ədəbiyyat şöbəsi”ndə, Abdulla Şaiqin “Üçüncü nur qafiləsi”, İ.Novruzinin “Üçüncü məzunlar münasibəti ilə”, M.İbrahiminin “Türk ədəbiyyatı ilə fars ədəbiyyatının rabitəsi”, A.Sərdarlının “Şura müəllimləri” xatirə yazıları verilmişdir.


Məcmuənin sonunda 1921-1926-cı ilə aid 36 şəkil, yubiley ilinin 55 məzununun  siyahısı, 250-dən artıq mənası çətin anlaşılan söz və ifadələrin izahı və şərhi verilmiş, mətnin daha aydın başa düşülməsi üçün zəruri məlumatlar yerləşdirilmişdir.​


Prof.Fərrux Rüstəmovun gərgin zəhmət hesabına ərsəyə gətirdiyi bu kitabla tanışlıqdan sonra bir daha yəqin edirsən ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin təməl daşını qoyanlar beş il müddətində ali təhsilli müəllim kadrları hazırlığında möhtəşəm işlər görüblər, tarix yaratmaqla və həm də onun tarixini  yazmaqla bizə “Ali Pedaqoji İnstitut. Beş yıllıq” adı dəyərli miras qoyublar.