09 noyabr 2020 - 14:31
Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının legioner həyat yaşayan üzvləri hazırda şərəfini qoruduqları xarici klubların heyətində növbəti oyunlarına çıxıblar. Yaponiyanın "Toray Errouz" klubunda forma geyinən və inamlı oyun nümayiş etdirən Yana Kulan yenə də fərqlənib. Onun komandası növbəti turda "Xisamitsu Sprinq"i 3:1 hesabla məğlub edib. Həmin görüşdə özünün və komandasının aktivinə 27 xal yazdıran Kulan matçın ən məhsuldar oyunçusu olub. Yaponiya çempionatında 5-ci qələbəsini qazanan "Toray" 17 xalla yarış cədvəlində 2-ci yerdədir.
Yığmamızın daha bir üzvü - Kristina Yaqubovanın şərəfini qoruduğu "Lipetsk" klubu isə Rusiya Superliqasının 10-cu turu çərçəvəsində "Sparta"ya "quru" hesabla uduzub - 3-0 (29:27, 26:24, 25:19). Marqarita Əzizovanın formasını geyindiyi "Minçanka" isə bu turda da meydana çıxmayıb. 10 turdan sonra "Lipetsk" klubu 8 xalla 10-cu pillədə yer alıb. "Minçanka"ya gəlincə, indiyədək cəmi 4 oyun keçirən və aktivinə bir xal belə yaza bilməyən Belarus təmsilçisi yenə də sonuncu - 14-cü yerdə qərar tutub.
İNTİQAM Məmmədov