Çapa göndər
Harvard Kennedy Məktəbinin azərbaycanlı məzunları ABŞ səfirliyinə müraciət ediblər

19 oktyabr 2020 - 15:22

Harvard Kennedy Məktəbinin azərbaycanlı məzunları Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı Amerika Səfirliyinə müraciət ediblər.


Məzunlar öz fakültələrinə və ABŞ-ın Azərbaycandakı səfiri Earle D. "Lee" Litzenberger-ə məktub ünvanlayaraq Ermənistan tərəfinin Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparılmadığı böyük şəhərlərə raket hücumları ilə bağlı ABŞ-ın mövqeyini ifadə etməsini xahiş ediblər.


“Döyüş meydanında bir sıra məğlubiyyətlərlə üzləşən Ermənistan terrora əl ataraq cəbhədən çox uzaq məsafədə yerləşən Azərbaycan şəhərlərinə, o cümlədən ölkənin ikinci böyük şəhəri - Gəncə və Cənubi Qafqazın ən böyük su anbarının yerləşdiyi Mingəçevir şəhərinə davamlı raket hücumları etdi. Nəticədə, onlarla mülki vətəndaşımız həyatını itirdi və ağır yaralandı, tibb və təhsil müəssisələri də daxil olmaqla mülki infrastruktur ya məhv edildi, ya da ciddi ziyan gördü.


Ermənistan beynəlxalq humanitar hüququ açıq şəkildə pozaraq Azərbaycan cəmiyyəti daxilində çaxnaşma yaratmağa, üçüncü tərəfləri cəlb etməklə münaqişə coğrafiyasını genişləndirməyə çalışır.
 

Harvardda oxuduğumuz müddətdə bizə qanunun üstünlüyü, ədalət və beynəlxalq hüququn aliliyinə riayət etmək öyrədildi. Harvard Kennedy Məktəbinin məzunları tərəfindən ölkənizin müvafiq orqanlarına ünvanlanan aşağıdakı çağırışın göndərilməsində bizə köməklik göstərməyinizi xahiş edirik. Əminik ki, ABŞ-ın ifadə etdiyi haqlı mövqe bölgəyə yenidən sülh və firavanlıq gətirərərək münaqişənin ən qısa müddətdə həllinə yol açacaqdır” – , deyə məktubda qeyd olunub.