12 sentyabr 2020 - 22:23
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Regional Meneceri Violeta Vaqnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə video formatda görüş keçirib.
Dövlət Miqrasiya Xidməti (DMX) ilə MSİBM arasında mövcud əməkdaşlığın vəziyyətinin müzakirə olunduğu görüşdə Vüsal Hüseynov MSİBM ilə tərəfdaşlıq çərçivəsində hazırda icrası davam etdirilən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr barədə fikirlərini bölüşüb. Xidmət rəisi vətəndaşlarımızın cəmiyyətə səmərəli reinteqrasiyasının dəstəklənməsi məqsədini daşıyan “Geri qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya dəstəyi (RESTART)” layihəsinin uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib. Bununla yanaşı, MSİBM-in dəstəyi ilə həyata keçirilmiş “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)” layihəsinin davamı olaraq miqrasiya idarəçiliyi sahəsində mövcud prioritetlərə uyğun hazırlanmış və icrası planlaşdırılan “Miqrasiya və sərhəd idarəçiliyi üzrə texniki və institusional bacarıqların artırılması (ETİMAD)” adlı layihənin də önəminə toxunub.
Yeni növ koronavirus xəstəliyinin (COVID-19) dünya dövlətləri qarşısında yaratdığı çağırışlara və insanların gündəlik həyatlarına gətirdiyi məhdudiyyətlərə diqqəti çəkən Vüsal Hüseynov pandemiyanın ilk günlərindən Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən elektron xidmətlərin mövcud tələbata uyğunlaşdırıldığını, bütün xidmətlərin elektron qaydada həyata keçirilərək optimallaşdırıldığını bildirib.
MSİBM-in Regional Portfolio Meneceri Violeta Vaqner görüşə vaxt ayırdığına və səmərəli əməkdaşlığın qurulmasında göstərdiyi dəstəyə görə Xidmət rəisinə təşəkkürünü bildirib, mövcud və gələcək layihələrin icra vəziyyəti barədə yenilənmiş məlumatları diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.