Çapa göndər
Gülağa Tənha " Mən Allah adamıyam " ifa: Əməkdar artist Səbuhi İbayev

10 sentyabr 2020 - 01:39

Xeyriyyəçi – şair Gülağa Tənhanın “Mən Allah adamıyam” şeirlərindən ibarət kitabının təqdimat mərasimindən olan video görüntüləri nümayiş etdirməyi davam edirik. Çıxış edir: Əməkdar artist Səbuhi İbayev. Bu dəfə videoçarxla bərabər şairin On cildlik kitabının II cildində yer alan bir neçə şeirlərini də poeziya sevənlərin ixtiyarına veririk. Nəzərinizə çatdırırıq ki, kitab təqdimatından səslənən mahnı sözlərinin müəllifi Gülağa Tənhadır.

 

 


VAR DEYƏNİN

Sədaqəti əsən yeldi,
«Sədaqətim var» – deyənin.
Arxa-dayağı özüdü,
«Cəsarətim var» – deyənin.
Cığırı-izi yox olar,
Gülü, nərgizi çoxalar,
Söhbəti, sözü çox olar
«Şücaətim var» – deyənin.
Qoşulan boz küləklərə,
Uyar küyə, kələklərə.
Meyli qaçar mələklərə
«Məhəbbətim var» – deyənin.
Tənha çəkdi bu möhnəti,
Yaşa, götürmə minnəti.
Heç vaxt olmaz heysiyyəti
«Heysiyyətim var» – deyənin.
Bakı, iyun, 1993


***

TÖVBƏ DEYƏK

Vətən oğlu, yaxşı düşün,
Ömrün axirət gününü.
Tövbə elə, suç eləmə,
Öz əlinlə puç eləmə
Tanrımız verən ömrünü.
Yaş üstünə yaş gətirən,
Ayın-ilin qədrini bil.
Səni ərsəyə yetirən
Doğma elin qədrini bil.
Vətən oğlu, əməllərin
Yük olmasın sabahlara!
Saleh əməl yiyəsitək
Tövbə deyək ömür yoran,
Can aparan günahlara!
Dekabr, 2002

 

***


YORULUR

Yoxsa tale qarğışıdı,
Boylanmaqdan göz yorulur.
Baxışların tünlüyündən
Yol bezikir, iz yorulur.
Daha nə danış, nə də din,
İstəyinə yetəmmədin.
Urvatdan düşübdü, nədi,
Yalvarmaqdan söz yorulur.
Haradı insafın yönü,
Yoxsa çınqıllıqdı sonu?
Açılmır yolların donu,
Güc tükənir, diz yorulur.
Düz yaşa, çıxar xatası,
Əyri yol – cəllad baltası.
Sevgi dözümdü, qadası,
Sevməyənlər tez yorulur.
13 aprel, 2001


***



GÜLAĞA,
DÜNYAYA UYMA HEÇ ZAMAN

Xəzinə gizlənər ilan altında,
Doğru var inləyər yalan altında.
Ulaq var belində dümüşdən yəhər,
Kəhər var can verər palan altında.
Gözəl var, doğmaca ərini satar,
Özgə xəyalıyla uyuyar, yatar.
Atıb aynasını,
qırıb bəxtini,
Qəm-qüssə içində təklənər, batar.
Kiminin pis gündən olmayıb payı,
Kiminin qışından seçilməz yayı.
Gülağa, dünyaya uyma heç zaman,
Fələk oxun atıb,
gizlədər yayı.
25 may, 1990

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci #dost #el #Vətən