Çapa göndər
“Azəralüminium” ASC işçilərinə müavinətin ödənilməsi barədə

05 sentyabr 2020 - 14:24

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, özəlləşdirilməsi başa çatmayan dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığına zərər dəymiş işçilərə müavinət müəssisə tərəfindən ödənilməlidir.


2009-cu ildən fəaliyyətini dayandırımış və özəlləşdirilməsi başa çatmamış “Azəralüminium” ASC tərəfindən işçilərə müavinətlərin ödənilməsində çətinliklər yaranıb.


Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 4.1 bəndinə uyğun olaraq, müəssisədə aylıq ödənc almaq hüququ olan şəxslər bu ödəncin əvəzinə aylıq müavinət almaq hüququna malikdirlər.


Bu baxımdan “Azəralüminium” ASC-nin fəaliyyəti tamamilə dayandığı üçün müəssisədə aylıq ödənc alan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə aylıq ödəncin əvəzinə aylıq müavinət ala bilərlər, bu barədə həmin şəxslərə dəfələrlə izah verilib. Qaydalara əsasən seçim könüllüdür.


Məlumat üçün bildiririk ki, 04.12.2017-ci il tarixindən 01.09.2020-ci il tarixinədək Əmlak Məsələləri Dövlət Xidmətinə ayrılmış vəsait çərçivəsində qeyd olunan məsələnin həlli istiqamətində Maliyyə Nazirliyinin xətti ilə “Azəralüminium” ASC-yə 2,706 milyon manat vəsait ayrılıb və SC-nin işçilərinə ödənilib. Bundan əlavə, müəssisə bu müddət ərzində öz vəsaiti hesabına bu kateqoriyadan olan işçilərinə 95 min manatın ödənilməsini təmin edib.


Yaxın günlərdə “Azəralüminium” ASC-nin işçilərinə bir aylıq müavinətin ödənilməsi təmin ediləcəkdir.