27 avqust 2020 - 17:54
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu Hökməli qəsəbəsinin Atyalı yaşayış massivində məişət tullantılarının qanunvericiliyə uyğun idarə edilmədiyi və qalaqlandığı aşkar edilib.
Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı Hökməli bələdiyyəsinin ərazisində məişət tullantılarının qalaqlanmasının artıq bir neçə dəfə təkrar olunduğu, bununla bağlı bələdiyyə rəhbərliyi qarşısında ciddi tələblər qoyulduğu, lakin lazımi tədbirlərin görülmədiyi müəyyən edilib.
“Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi məqsədilə bələdiyyəyə daha bir məcburi göstəriş verilib.
Dəfələrlə olunan xəbərdarlıqlara baxmayaraq ərazidə yenə də tullantıların düzgün idarə edilmədiyi və qalaqlandığı üçün Hökməli bələdiyyəsi barəsində akt və protokol tərtib olunub, bələdiyyənin hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib”.