Çapa göndər
BDU məzunları yay təcrübə proqramında iştirak edir

26 avqust 2020 - 17:51

24 avqust 2020-ci il tarixindən etibarən “166 Logistika Akademiyası” 2020 yay təcrübə proqramına start verilib. Seçim mərhələsində iştirak etmiş 350 nəfərdən 41 nəfər bu mərhələləri uğurla keçərək “166 Yükdaşıma və Logistika” şirkətində 3 aylıq ödənişli (şirkət tərəfindən ödəniş olunaraq) təcrübə proqramına qatılmaq imkanı əldə ediblər. Qəbul olanlar arasında Bakı Dövlət Universitetinin (BDU) 9 məzunu da var. BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat, Tətbiqi riyaziyyat və kibernetika, Coğrafiya və SABAH qruplarından məzun olan namizədlər seçim mərhələsindən uğurla keçərək yay təcrübə proqramında iştirak hüququ qazanıblar.
 


“166 Logistika Akademiyası” yay təcrübə proqramında iştirak hüququ qazananlar şirkətin əsas departamentlərində yer alaraq peşəkar əməkdaşlar tərəfindən logistika və nəqliyyat, satış, marketinq və biznesin inkişafı, maliyyə, mühasibatlıq, insan resursları və s. sahələrdə praktiki, eyni zamanda nəzəri bilik və bacarıqlara yiyələnəcəklər. Təcrübə proqramına qatılan iştirakçılar təcrübəçi olaraq rəsmi qeydiyyata alınacaq və proqramı uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunaraq “166 Yükdaşıma və Logistika” şirkətində işlə təmin olunmaq imkanı əldə edəcəklər.
 


Ümumiyyətlə, 2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” yay təcrübə proqramına ümumilikdə 3500-dən artıq müraciət qeydə alınıb. Yay təcrübə proqramını həyata keçirməkdə əsas məqsəd Azərbaycanın logistika sahəsində istedadların üzə çıxarılması, gənc kadrların yetişdirilməsi, ənənəvi və yeni metodlarla tanış edərək təcrübələrinin artırılması, onlara əlverişli iş mühiti yaratmaqla ölkədə peşəkar kadrların hazırlanmasına yeni töhfə verməkdir.