Çapa göndər
Nazir Sahil Babayevlə “Heydər Əliyev siyasi məktəbini öyrənirik – 2020” Gənc Liderlər Proqramı iştirakçılarının onlayn görüşü olub

25 avqust 2020 - 17:28

Pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq, Azərbaycan COVİD-19-la bağlı çoxistiqamətli dəstək tədbirləri ilə bərabər, sosial proqramlarını hətta rekord həddə genişləndirdi. Xüsusilə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sosial sahədə elektron texnologiyalar üzərində yaradılan innovativ yeniliklərin, proaktiv xidmətlərin bu dövrdə mühüm önəminin şahidi olduq. Bu isə dövlət sosial xidmətlərində innovativ həllərin daha geniş tətbiqini qarşıdakı dövr üçün əsas prioritet kimi müəyyən etməyə əsas verir.


Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin 2019-cu ildən həyata keçirdiyi  “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə onlayn görüşü zamanı vurğulayıb.


“Azərbaycanın sosial siyasəti” mövzusuna həsr olunan görüşü Gənclər və İdman nazirinin müavini İntiqam Babayev giriş sözü ilə açıb. O,  “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramına 350-dən artıq gəncin iştirak üçün müraciət etdiyini və nəticədə  30-a yaxın rayondan 115 gəncin iştirakçı kimi seçildiyini diqqətə çatdırıb. İ.Babayev Prezident İlham Əliyevin tapşırıqlarına əsasən sosial sahədə genişmiqyaslı islahatların aparıldığını, pandemiya dövründə həssas əhali qrupların, aztəminatlı ailələrin dəstəklə əhatə olunduqlarını, DOST layihəsini və s. xüsusi olaraq vurğulayıb.


S.Babayev Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi sosial inkişaf kursunun uğurlarından bəhs edib. Müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf yoluna çıxarılması kimi şərəfli tarixi vəzifəni yüksək səviyyədə yerinə yetirən Ulu öndərin eyni zamanda Azərbaycanda güclü sosial siyasətin, sosial sahədə geniş miqyaslı islahatların əsaslarının formalaşması naminə misilsiz tarixi xidmətlərini diqqətə çatdırıb.


Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətlərini qeyd edən nazir ölkəmizdə aparılan siyasətin ana xəttinin vətəndaş rifahının təminatı olduğunu vurğulayıb. O, ötən il 4,2 milyon insanın rifahına dəstək olan inqilabi sosial paketlər, sosial ödənişlərin əhəmiyyətli dərəcədə, bir sıra istqiamətlərdə iki dəfə artırıldığı, bu il təqribən 5 milyon insanı əhatə edən sosial dəstək tədbirləri barədə məlumat verib. Bildirib ki, təkcə bu ilin 7 ayında 2 milyon 571 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım olaraq 3 mlrd. 349 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 26,76 faiz çox və ya 707 milyon manat çoxdur. Pandemiya dövründə daha bir sosial dəstək olan birdəfəlik ödəmə proqramı kimi işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə ümumilikdə 333 milyon manat ödənilib.


S.Babayev Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsindən bəhs edib. Əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya və s. istiqamətlərdə 132 növdə xidmətin innovativ həllərin tətbiqi üzərində “bir pəncərə”dən, şəffaf və opeartiv şəkildə təqdim edildiyi “DOST” mərkəzləri şəbəkəsinin genişləndirilməsi işlərini diqqətə çatdırıb. Nazirliyin "e-sosial” portalı, "Məşğulluq” altsistemi, əhaliyə xidmətlərin e-infrastrukturunun qurulması, 2019-cu ildə 21 sosial təminat növünün təyinatının elektronlaşdırıldığı, 13 növ e-arayış xidməti yaradılmaqla bu xidmətlərin sayının 15-ə çatdırıldığı barədə məlumat verib. Yeni proaktiv xidmətlərin yaradılması üçün aparılan işləri, nazirlik üzrə 132 xidmətdən 90-nın tam elektronlaşdırılacağını, “Əmək münasibətləri və məşğulluq” altsistemi hazırlandığını və s. diqqətə çatdırıb.


O, əmək bazarı ilə bağlı aparılan islahatları, aktiv məşğulluq tədbirlərini, qeyri-formal məşğulluğun qarşısının alınması üçün görülən kompleks işləri, onların müsbət nəticələrini, əmək haqqı fondundakı artımı qeyd edib. Reabilitasiya və sosial xidmət, peşə hazırlığı infrastrukturunun yenilənməsi və bölgələr üzrə genişləndirilməsi üçün atılan addımlardan bəhs edib.
S.Babayev gəncləri maraqlandıran sualları da cavablandırıb.


Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə 2019-cu ildən “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının icrasına birgə start verib. Proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.


2020-ci il üçün elan olunmuş proqrama 40-dan artıq rayon və şəhərdən 350-dən cox gənc müraciət edib. Hər bir iddidaçının anketi diqqətlə öyrənilmiş və ilkin seçimdən sonra 171 gənclə onlayn formada müsahibə aparılıb və nəticədə 115 gənc iştirakçı kimi seçilib. Onlardan proqramı uğurla başa vuranlara proqramın diplomu və döş nişanı təqdim ediləcək.