Çapa göndər
Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları ilə bağlı qiymətləndirilmə həyata keçiriləcək

06 avqust 2020 - 15:12

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi, eyni zamanda tanınması prosesinə başlanılacaq.


Proses Nazirlər Kabinetinin 5 avqust 2020-ci tarixli qərarı ilə təsdiqlənmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” əsasında həyata keçiriləcək.
 

Proses üzrə müvafiq mexanizm və prosedur qaydaları hazırlandıqdan sonra bu barədə Agentliyin rəsmi internet səhifəsi və sosial şəbəkə hesabı vasitəsilə ictimaiyyətə ətraflı məlumat veriləcək.
 

Qeyd edək ki, ölkəmizdə ömürboyu təhsilin təminatı hədəfinə nail olunması baxımından, vətəndaşların qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri kvalifikasiyaların tanınması, başqa sözlə onların malik olduğu bilik, bacarıq, səriştə və təcrübənin müvafiq ixtisas üzrə kvalifikasiya standartlarına uyğunluğunun müəyyənləşdirilməsi və yekunda aidiyyəti təhsil sənədinin verilməsi prosesi xüsusi önəm kəsb edir. Belə ki, bu proses nəticə olaraq özünütəhsil yolu ilə biliklərə yiyələnmiş (informal təhsil) və müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə təlim keçmiş (qeyri-formal təhsil) vətəndaşlarımıza təhsillərini davam etdirmək (peşə təhsili pilləsinin növbəti səviyyəsində) və ya ixtisasları üzrə əmək fəaliyyətinə başlamaq hüququnun verilməsinə xidmət edəcək.

 
“Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 
Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi ilə bağlı suallar və onların cavabları