Çapa göndər
Özbək professor Gülbahar Aşurova dünya analarına müraciət etdi: bu işğal bitməyincə axan qanlar durmayacaq, uşaqlar qətl ediləcək, anaların göz yaşları qurumayacaq.

05 avqust 2020 - 18:50

Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin professoru, tanınmış alim GülbaxarAshurova dünya analarına müraciət edərək 30 ildən çoxdur ki, davam edən Ermənistanın Azərbaycana təcavüzü, regiondakı zorakılıq, aqressiya, habelə Ermənistan qoşunlarının Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonuna artilleriya atəşləri ilə hücumu ilə əlaqədar dünya analarına müraciət edib.
O, ilk növbədə xain hücum zamanı həyatını itirən insanlara, dinc sakinlərə görə Azərbaycan xalqına başsağlığı vermişdir.
Gülbahar Aşurova dünya analarına müraciətini təqdim edirik:
Əziz analar, dünyanın mütərəqqi, sülhsevər və gözəl məxluqları,
Bu günlərdə bizləri daha bir xəbər sarsıtdı.30 ildir regionun qanayan yarası, müsəlman, türk irsinin təhqir olunduğu, bəşəriyyətin böyük dərdi - Qarabağın və Azərbaycan torpaqlarının işğalı, bir milyon azərbaycanlının öz vətənlərindən, yurd yuvalarından qovulması, min bir iztirablara düçar edilərək köçgünlük həyatı yaşaması azmış kimi qan tökməklə öyünən Ermənistan Azərbaycanla olan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində artilleriya hücumları həyata keçirdi və yenidən silahlar danışmağa başladı.
Ermənistan işğalı nəticəsində Azərbaycanın 12 rayonu və onlarla şəhəri, yüzlərlə kəndi, ölkə ərazisinin isə 20 faizi işğal olunmuşdur. Bu işğal bütöv bir nəslin xəyallarının alt-üst olmasına, nə qədər ailələrin, gənclərin, uşaqların, anaların yurdsuz, ocaqsız, evsiz-eşiksiz, gözüşalıqalmalarına səbəb oldu. Yüz minlərlə insanın talelərinin puç olmasına səbəb oldu.
Min illərlə qurulmuş bütöv şəhərlər, kəndlər dağıdıldı, dini ocaqlar, mədəniyyət abidələri məhv edildi. Analarımızın, balalarımızın xoşbəxt həyatının üzərində oyunlar quruldu. “Ədalət” adlı müqəddəs bir məfhum qətl edildi.
Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biri. Qədim tarix, zəngin mədəniyyət, möhtəşəm poeziyası ilə dünyada seçilir. Böyük Nizaminin, Füzulinin, Nəsiminin, dahi Üzeyir Hacıbəyovun vətənidir bu məmləkət. Dünyanın ən nəhəng ədəbiyyatını yaratmış bu xalq sülhsevərdir, zəhmətsevərdir, qonaqpərvərdir. Evində olan son tikəsini də Özbək xalqı kimi qonağı ilə bölüşər, evinin ən gözəl hissəsini qonaq üçün ayırar.
30 ildir bu qədər məhrumiyyətlərə, faciələrə, işğal, etnik təmizləmə və müharibə vəziyyətinə baxmayaraq bu xalq yenə də sülh istəyir və bu təcavüzün sülh yolu ilə həll etməyə çalışır.
Azərbaycanı “Turan üzüyününqaşı” adlandıran Əmir Teymur babamız yanılmamışdır. Bu məmləkətdən daim bütün dünyaya böyük mədəniyyət, elm, poeziya və xalqların dostluğu, qardaşlığı birgə hür içində yaşayışına dair çağırışlar səslənir.
Amma durun əziz Analar! Vətən həm də Anadır. Bugün müqəddəs Vətənin bağrındakı o torpaqların yüzdə iyirmisi işğal altında inildəyir, yurd yerləri fəryad edir.
Artıq terrorlara, müharibələrə, işğallara, köçkünlüyə, həsrətə "Dur" deməyin zamanıdır! Qadın ürəyi daha həssasdır, qadın Anadır, qadın sevgidir, qadın dəyərdir. Bütün bu zorakılıqlar, atılan bütün bu güllələr analara dəyir, onlara toxunur!
Biz unutmadıq ki, 1992-ci ildə Ermənistan Silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımında öldürülən azərbaycanlı 613 dinc sakinin 63-ü uşaqlar idi, 2011-ci ildə Ağdamda erməni əsgərləri tərəfindən öldürülən 9 yaşlı Fariz Bədəlovu, Tovuzda isə 13 yaşlı Aygün balamızın acıları hələ ürəyimizi xəncər kimi batıb və daim sızıldadır.
Bitsin bu işğal!Qoy dünya birliyi tərəfindən tanınmış Azərbaycan torpaqları, şəhər və kəndləri azad olunsun, bölgədə yenidən sülh nəğmələri səslənsin, sülh göyərçinləri uçsun. İnsanlar öz yurd-yuvalarına qayıtsınlar. Biz analar ədalətin bərqərar olmasını, insanların haqlarının özünə qaytarılmasını istəyirik.
Bu qanayan yara o zaman duracaq ki, haqq-ədalət öz yerini tapacaq. Həsrət və iztirablara son qoyulacaq. Beynəlxalq ədalət, hüquq bərpa ediləcək.
Mən bütün dünya analarına, ziyalılarına müraciət edirəm.
Ermənistanın bu işğalçı siyasətinə hamımız dur deyək. Yetər, 30 ildir vurduğunuz ziyanlar və çəkdirdiyiniz bu acılar, məhv etdiyiniz bu talelər. Dünya bu acıları, bu fəryadları eşitməlidir. Susmaq bizə haramdır əziz analar. Yurdlarımız, şəhər və kəndlərimiz, abidələrimiz, məscidlərimiz də insanlarımız kimi şəhiddirlər, yaralıdırlar, param-parça olmuşlar.
Biz torpağı işğal olunan və ərazi bütövlüyü pozulan Azərbaycanın yanında olmalıyıq.